Şəhər və kənd həyatı: Müasir dövrdə fərqlər və üstünlüklər
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:45 21.11.2024
Müasir dövrdə şəhər və kənd həyatının fərqləri insanlar üçün seçim məsələsində önəmli rol oynayır. Texnoloji inkişaf, infrastruktur və sosial imkanlar şəhər həyatını cəlbedici etsə də, kənd həyatı sakitlik, təbiətə yaxınlıq və sağlam mühit kimi üstünlükləri ilə fərqlənir. İqtisadi, mədəni və sosial dəyişikliklər bu iki yaşam tərzini bir-birindən kəskin şəkildə ayırır.
Məsələ ilə bağlı, iqtisadiyyatçı Akif Nəsirli “informator.az”a açıqlamasında bildirib ki, müasir dövrdə insanların kənddən şəhərə miqrasiyasının əsas səbəbləri kənd yerlərində işsizlik və dolanışığın çətin olmasıdır:
"Ölkə iqtisadiyyatı bütün ərazilərə bərabər şəkildə yayılsa, bu problem öz həllini tapa bilər. Əgər biz ölkənin iqtisadiyyatını bütün ərazi üzrə inkişaf etdirə bilsək, kənddən şəhərə miqrasiyanın qarşısını almış olarıq. Hazırda kəndlərdən şəhərlərə daha çox iş üçün, çörək pulu dalınca gəlirlər. Kənd yerlərində sənaye obyektlərinin və nəqliyyat vasitələrinin azlığı səbəbindən karbon emissiyaları daha azdır. Havanın təmizliyi və ekosistemlərin dayanıqlılığı kənddə üstünlük təşkil edir. Eyni zamanda, kənd sakinlərinin sağlam, təbii qidalara çıxışı daha çoxdur".
Mədəni fəaliyyətlə bağlı sualları cavablandıran Akif Nəsirli bildirib ki, intellektual inkişaf üçün şərait təkcə şəhərdə deyil, kəndlərdə də yaradılmalıdır:
"Mədəni fəaliyyət insanın intellekt və dünya görüşündən asılıdır. Azərbaycan tarixinə baxsaq, tanınmış şəxslərin əksəriyyəti kənd yerlərində doğulub və uğurlu olub. Kənddə də mədəni və istirahət fəaliyyəti təşkil etmək mümkündür. Dövlət büdcəsinin 90%-dən çoxu Abşeron yarımadasında formalaşır, qalan ərazilər isə yalnız 5-6% təşkil edir. Bu balansı dəyişmək üçün hökumət iqtisadi siyasətini kənd və şəhər arasında bərabər şəkildə qurmalıdır. Bölgələrdə iqtisadi fəaliyyətin artırılması üçün layihələr və stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir".
Nəsirli vurğulayıb ki, dünya praktikasında balanslı iqtisadi inkişaf bir çox ölkələr üçün prioritetdir. Əhalinin bütün ölkə ərazisində proporsional yerləşdirilməsi məqsədinə nail olmaq isə dövlətin əsas hədəflərindən biri olmalıdır.
Xanım Ağamalıyeva