Qəzza zolağında öldürülən jurnalistlərin sayı 189-a yüksəlib..

Bölmə: Siyasət › ,
Tarix: 23:37 23.11.2024

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun Qəzza Zolağına etdiyi hücumlar zamanı öldürülən jurnalistlərin sayı ilə bağlı məlumat verilib.

 

Açıqlamada, Qəzza İslam Jurnalistika Universitetinin və Media kafedrasının müəllimi Vail İbrahim Əbu Kafenin İsrailin hücumlarında həyatını itirdiyi qeyd edilib. Bildirilib ki, İsrailin Qəzza Zolağında fələstinlilərə qarşı hərəkətləri soyqırım xarakteri daşıyır və bu hücumlar nəticəsində həyatını itirən mətbuat işçilərinin sayı 189-a çatıb.

 

Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəf alması, öldürməsi və onlara qarşı sui-qəsd törətməsi şiddətlə pislənilib və bu cinayətlər “iyrənc” olaraq xarakterizə edilib. İsrail bu cinayətlərə görə məsuliyyət daşıyır.

 

Beynəlxalq ictimaiyyətə və jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara çağırış edilərək, törədilən cinayətlər, soyqırım və jurnalistlərə qarşı qətllərə görə İsrailin beynəlxalq məhkəmələrdə cavab verməsi tələb olunub. Həmçinin, İsrailin qətl və sui-qəsd hərəkətlərini dayandırması üçün təzyiq göstərilməsinə çağırış edilib.

 

Mənbə: TRT Haber

Fidan Fərhadlı