"Saxta xəbərlər cəmiyyət üçün ciddi təhlükədir”-SOSİAL MEDİA MÜTƏXƏSSİSİ
Bölmə: MEDİA › ,Tarix: 16:59 02.12.2024
Müasir dövrdə saxta xəbərlərin geniş yayılması cəmiyyət üçün ciddi təhlükələr yaradır.
Sosial media mütəxəssisi Qurban Qurbanzadə “informafor.az”a açıqlamasında bildirib ki, texnologiya və media savadsızlığı saxta xəbərlərin yayılmasını asanlaşdırır:
“İnsanlar sürətli və təsdiqlənməmiş məlumatlara daha çox meyl göstərir, çünki bu məlumatlar emosional təsir gücünə malikdir. Çox vaxt insanlar paylaşmadan öncə mənbəni yoxlamır, çünki ilk baxışda bu xəbərlər inandırıcı görünür. Xüsusilə pandemiya və siyasi proseslər zamanı belə xəbərlər daha çox təsir gücünə malik olur".
Qurban Qurbanzadə alqoritmlərin və süni intellektin bu məsələdə həm mənfi, həm də müsbət təsirlərindən danışıb:
“Bəzi hallarda alqoritmlər diqqət çəkmək üçün daha çox sensasiyalı məlumatları önə çıxarır və bu, saxta xəbərlərin yayılmasını sürətləndirir. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilərin maraqlarına uyğun olaraq hazırlanmış kontent tövsiyələri bu prosesə təkan verir. Hətta süni intellekt vasitəsilə xəbərlərin bəzədilməsi və daha inandırıcı görünməsi üçün xüsusi üsullar istifadə olunur. Süni intellekt yalan məlumatların təsbitində və onların platformalardan silinməsində mühüm rol oynaya bilər. Çünki süni intellekt çox geniş məlumat bazasına əsaslanaraq faktları yoxlama və saxta məzmunu müəyyənləşdirmə qabiliyyətinə malikdir. Lakin bu texnologiyalar yetərincə tətbiq olunmadıqda problem həll olunmaq əvəzinə daha da dərinləşir”.
Asiya Zeynallı