BDU media ilə əlaqələri gücləndirir

Bölmə: MEDİA › ,
Tarix: 16:40 06.12.2024

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycanda ictimai-siyasi qəzet olan "Xalq qəzeti"nin "Debat otağı"nın açılışı keçirildi. Tədbiri universitetin rektoru Elçin Babayev giriş sözü ilə açdı. Rektor məzunlar assosiasiyasının yaradılacağını bildirdi. Əflatun bəyin sayəsində "Xalq qəzeti" nin universitetlə yaşıd olduğunu söylədi və təşəkkürünü bildirərək, sözü ona ötürdü.


"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov "Xalq qəzeti"ni jurnalistikanın töhfəsi kimi qiymətləndirdi. Bütün qəzetlərin belə bir debat otağı açmalarını təklif etdi. Əlavə olaraq, məqsədin tələbələrin qocaman jurnalistlər və ayrı-ayrı insanlarla görüşmələrini təmin etmək, jurnalistikanı sevdirmək olduğunu qeyd etdi.


"Kadrların sayını artırmaq istəyirik və buranı özümüzə baza olaraq seçmişik. Praktikanı tələbələr birinci kursdan keçməlidirlər. Bir insan ki yaza bilmir, o lazım deyil. Biz istəyirik ki, analitik təhlillər üçün tələbələr açıq olsunlar. Xalq qəzetinin televiziyasını yaratdıq, daha sonra onun radiosunu və sosial şəbəkə istiqamətlərini də inkişaf etdirəcəyik".
Ə.Amaşov müsabiqələrin təşkil olunmağını və Elçin bəyin qalibləri mükafatlandırmağını, xüsusi meyarlar əsasında fərqlənənləri yarım ştatla işə götürməyi fikrini irəli sürdü.


Tədbirin gedişində "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış etdi. Bunun tələbələr və jurnalistika sahəsində fəaliyyət göstərənlər üçün böyük uğur olduğunu deyərək, təşəkkür etdi. Ardınca Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğlu çıxış etdi. Günümüzdə beynəlxaq camiyəyə işləyən mətbuatımızın zəif olduğu və bu baxımdan da mətbuatımızın beynəlxalq səviyyədə inkişafına diqqəti çəkdi. "Xalq qəzeti" üçün fakültədən kadrların seçilməsi və təxmini 5 nəfər tələbəyə təqaüd ayrılması təkliflərini irəli sürdü. Əlavə olaraq, bu otağın yeni uğurlara imza atacağını bildirdi. Tədbirin davamında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək, çap media otağlarının özünün də tarixdən gələn böyük yaşı olan bir sivilizasiya olduğunu qeyd etdi. Təşəkkür edərək belə bir əməkdaşlığın təkcə Universitet daxilində deyil, bütün cəmiyyətdə uğurlu olacağını bildirdi. Ardınca Televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli çıxış etdi.


"Bizim müxtəlif otaqlarımız var, lakin debat otağının təşkili ayrı bir düşüncə formalaşdırır. Debat-düşünmək, ifadə etmək, arqument gətirmək deməkdir. Hazırda açılışını etdiyimiz bu otaq üçün də bu meyarlar uyğundur".
Tədbir zamanı BDU-nun mətbuat katibi Kəmalə Quliyeva, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Əməkdar jurnalist, yazıçı Tahir Aydınoğlu, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və "Yeni media və kommunikasiya nəzəriyyəsi" kafedrasının müdiri Xatirə Hüseynova öz təkliflərini irəli sürərək, təşəkkür etdilər.


Sonda xatirə fotosu çəkildi.

Banuçiçək Kalbalıyeva
Aytac Kərimova