Natiqlik- danışmaq, dinləmək, düşünməyin məcmusu-"İnformator.az"a təşəkkürnamə
Bölmə: MEDİA › ,Tarix: 22:38 08.12.2024
Dekabrın 8-də Dünya məktəbində ÜTÜ(Ünsiyyətin Təşmilləşdirilməsi Üsulları) və GUYS Group-un təşkilatçılığı ilə "Mən Danışa Bilmirəm 2" adlı natiqlik forumu baş tutdu.
Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Açılış nitqi söyləmək üçün forumun təşkilatçısı, "GUYS Group" şirkətinin rəhbəri Mübariz Quliyevə söz verildi. Mübariz bəy ilk olaraq, tədbir iştirakçılarına təşəkkür edərək, sözügedən şirkət və onun bir neçə sektorda təmsil olunması, eləcə də mükəmməl kadr formalaşdırmaq, bu kimi bir neçə məqsədlərindən bəhs etdi.
Ardınca "ÜTÜ MMC" nin təsisçisi, "Düşünmək adlı dünya", "Qırmızı ayaqqabı", yenicə nəşr edilən "Mənə biraz məndən danış" kitablarının müəllifi Zaur Cahangirov çıxış etdi. O, 10 spikerlə birlikdə 6 dəqiqəlik çıxış hazırladıqlarını və bununlada sürətli dünyada az olanın çox, natiqliyin isə danışmaq, dinləmək, düşünməyin məcmusu olduğunu qeyd edərək, uğurlar dilədi. Forumla bağlı fikirlərini qeyd etmək üçün Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı Ceyhun Məmmədov səhnəyə dəvət edildi.
"Bugünkü mövzu çox mühümdür və bu tip forumların təşkili, gənclər, onların bilik-bacarıqları, nitqlərinin inkişafı üçün vacib rol oyanayır. Bir sıra hallarda gənclərimizin özünüifadəetmə qabiliyyətinin aşağı olduğunu müşahidə edirik ki, bu da daha çox ailədən, valideynlərin uşaqlarla ünsiyyətinin zəifliyindən qaynaqlanır. Bu baxımdan sosial medianın da təsirləri də qeyd olunandır. Bəzən bir şəxs çox savadlı ola bilər, lakin özünü təqdim etməsi zəifdirsə bu onun üçün mənfi bir haldır və bu mənada düzgün, səlis şəkildə özünütəqdimetmə, orfoepik qaydalara riayət etmək mühümdür".
Davamında Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı Vüqar İskəndərova çıxış üçün söz verildi. O, belə bir forumu yüksək qiymətləndirərək, natiqliklə bağlı mühüm fikirləri, uğurlu danışığın vacibliyini qeyd etdi. Tədbir zamanı spikerlər müxtəlif mövzular ətrafında danışaraq, əyani surətdə təqdimatlar etdilər.
İlk olaraq, spikerlərdən Ebru Sənət Mərkəzinin təsisçisi Diləzbər Hüseynova "Rənglər necə danışır?" mövzusunda çıxış etdi. Ardınca, "Səsdən könüllərə" Beynəlxalq Kouçluq layihəsinin rəhbəri Əsmər Kərimova "Görmürəm, eşitmirəm, elə bilirsən hiss etmirəm?", 111 saylı məktəbin ibtidai sinif müəllimi, layihə təlimçisi Qönçə Ələkbərova "Nitqimizi gizləmədən, dilimizin altındakı biz", Natiqlik təlimçisi, "ÜTÜ MMC" nin təsisçisi Zaur Cahangirov "Bir səhv idi, çıxış etdim" mövzusunda təqdimatları və Sosial Marketing Meneceri Ülkər Çələbinin "Sözümüzü nə, necə sataq?" başlığı altında qısa video-çarxı nümayiş edildi.
Təqdimatların davamında Beynəlxalq Müsabiqələr laureatı, xanəndə Fərid Əzizli "Ana dilim" musiqisini ifa etdi. Tədbir iştirakçıları və spikerlər üçün 40 dəqiqəlik fasilədən sonra tədbirin ikinci hissəsi davam etdi. Bu hissədə də müxtəlif mövzularda çıxışlar səsləndirilərək, təqdimatlar baş tutdu. Sonda forumun təşkilində əməyi keçən şəxslərə, sponsorlara təşəkkür edildi və burada iştirak edən media nümayəndələri, spikerlərin hər biri "Təşəkkürnamə" ilə təltif edilərək, xatirə fotosu çəkildi.
Aytac Kərimova