“Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar

Bölmə: MEDİA › ,
Tarix: 17:46 11.12.2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" mövzusunda seminar keçirilib.

 

“İnformator.az” xəbər verir ki, seminarda ötən illərdə radioyayım sahəsində görülən işlərə, audiovizual yayımçılara göstərilən dövlət dəstəyi sayəsində əldə olunan nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilib.


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Rəqəmsal və İnkişaf Nazirliyinin, Audiovizual Şuranın, RİNN-in tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak edib.

 

Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb. Bakı Teleqüllə Kompleksinin yarımçıq qalan tikintisinin Ümummilli lider Heydər Əliyevin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi hadisəsi qürurla xatırlanıb. Bunun sayəsində ölkədə televiziya və radio yayımının keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılıb.


FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radioyayımların dayandırılmasına imkan verib. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.


Seminarda məlumat verilib ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl yayımçıların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb. Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radio yayımı təmin edilib.

 

Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən 24 iyul 2023-cü il tarixində "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Sərəncam imzalanmış və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılıb.


Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 radio-televiziya yayım stansiyasında quraşdırılmaqla, eyni zamanda infrastrukturun dayanıqlığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilib.


Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da radio yayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.


Son 5 ildə radio proqramlarda müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura müsabiqələr təşkil edib və nəticədə ümumölkə statuslu yerüstü radiokanalların sayı 11-dən 17-dək artıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 Oktyabr 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmsal radioyayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" radioyayım sahəsində rəqəmsal keçid üçün mühüm sənəddir. Sözügedən Tədbirlər Planının icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində hələ 2019-cu ildən başlanılmış "DAB+" standartlı rəqəmsal radionun ölkənin bütün ərazisinə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ilin sonunadək Bakı Teleqüllə Kompleksindən aparılan "DAB+" standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından "DAB+" yayımın təşkili planlaşdırılır.

 

Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.

Seminarda iştirak edən özəl radio yayımçıları müzakirələrdə fəal iştirak etmiş, dövlətin göstərdiyi dəstəyə, yaradılan əlverişli fəaliyyət şəraitinə görə dövlət orqanlarına, xüsusən də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının yeni-yeni uğurlarla davamlı inkişafa səbəb olacağına əminlik ifadə edilib.

Vüqar Alışov