Azərbaycanda Voleybolun İnkişafı və Gələcəyi: Mövcud Vəziyyət və Perspektivlər
Bölmə: Sosial › ,Tarix: 21:43 11.12.2024
Voleybol Azərbaycanda uzun illərdir ki, populyar idman növlərindən biri kimi diqqət mərkəzindədir. Xüsusilə qadın voleybol komandalarının beynəlxalq arenadakı uğurları bu idman növünün ölkədəki əhəmiyyətini daha da artırır. Lakin müasir dövrdə voleybolun inkişafı, gənc nəslin bu idmana marağı və beynəlxalq səviyyədə əldə edilən nailiyyətlər müzakirə mövzusu olaraq qalır.
Məsələ ilə bağlı jurnalist Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırki vəziyyəti qənaətbəxş hesab etmək olar:
"Azərbaycan Voleybolunun ümumi mənzərəsinə nəzər yetirdikdə hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar. Kişilərin və qadınların Yüksək Liqa çempionatlarında, ümumilikdə 12 komanda mübarizə aparır ki, bunu da indiki vəziyyətə görə qəbul edə bilərik. Təbii ki, qarşıdakı illərdə bu sayı artırmaq, çempionatları daha da maraqlı hala gətirmək üçün işlərin aparılması da vacibdir. Mövsüm yeni başlayıb. Ötən illərə nəzər yetirdikdə, mövsümün yekununa qədər komandalar arasında yüksək rəqabətin getdiyini, hər bir kollektivin ali mükafatı hədəflədiyini oyunların hərarətindən başa düşə bilərik. Buna baxmayaraq, istəyin çoxluğu hələ ki, beynəlxalq dərəcəli arenalara təsir etməyə kifayət etmir. Voleybolumuzun vəziyyətinin bir çox Avropa komandalarından aşağı olması onlarla başa-baş mübarizədə sonadək irəliləməyə kömək etmir. Amma unutmayaq ki, Azərbaycan Voleybolçuları illər əvvəl qitə yarışlarında "favoritlər" arasında idi. Hər bir gedişatın enişi və yoxuşu var. Bir gün Avropa arenalarında da yoxuşu uğurla dəf edən voleybolumuz səsini yüksəklərə çatdıracaq. Buna inanırıq".
Jurnalist sözlərində vurğulayıb ki, uşaqlar və gənclər arasında voleybolun populyarlaşdırılmasının ən başlıca məkanı məktəblərdir:
" Məktəbə gedən uşaqlara idman dərsində voleybolun sirrləri öyrədilməlidir. Əlbəttə ki, şərt o deyil mütləq şəkildə voleybola cəlb etmək lazımdır. Amma onda həvəs yaratmaq və ya yarada bilmək bu yolda atılan ilk addım olacaq. Bu, voleyboldan savayı eləcə də digər idman növlərinə də aid ola bilər. Daha sonra klubların sayı artırılmalı və hər ərazi üzrə fəaliyyət göstərən voleybol klubları olmalıdır ki, bu da əlçatanlığı artırsın.
Gənc idmançıların peşəkar səviyyəyə çatdırılması üçün ona mütəmadi olaraq komanda daxilində, oyunlarda şans verilməlidir. AVF-nin 2024-2025-ci illər mövsümü təqvim planında yeni bir əlavə var. Bu ildən hər komandanın tərkibində ən az 1 azərbaycanlı voleybolçu olmalıdır. Bu qaydanın tətbiqi zamanı il keçdikcə sayı artırmalı və gənc voleybolçuları oyunlara cəlb edilməyi lazımdır".
Aytac Mustafayeva