Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 16:28 12.12.2024

 12 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

"Informator.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, ümummilli lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib.

 

Tədbirin gedişində Millət vəkili Əminə Ağazadə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdəki uğurlarından, keçirdiyi islahatlardan danışdı:

 

"1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ölüm hökmü tamamilə ləğv edildi. Bu addım, Azərbaycanın insan hüquqlarına hörmət edən bir dövlət kimi nüfuzunu artırdı.

Beynəlxalq hüquqi normalara uyğunlaşdırma siyasətinin bir hissəsi idi.

 

1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya, Azərbaycan Respublikasının dövlət quruluşunu müəyyən etdi.

 

İnsanların hüquq və azadlıqlarını təmin edən müasir hüquqi əsaslar yaratdı.

 

Hakimiyyət bölgüsü prinsipini – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin müstəqilliyini təsdiq etdi".

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov isə çıxışında Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra keçirdiyi islahatlardan danışdı:

 

"Bu günümüzə qədər Azərbaycanın inkişafını Heydər Əliyevin böyük strategiyasına və hazırda İlham Əliyevin həmin strategiyanı uğurla davam etdirməsində görürük".

 

Ardınca Tarix fakültəsinin dekanı İbrahim Zeynalov da sözə başladı:

 

"Tarixdə dahi şəxsiyyətlər çoxdur. Amma elə şəxsiyyətlər var ki, onlar tarixi yaradırlar. Məhz Heydər Əliyev də tarix yazan liderlərdən biridir.

Eyni zamanda Azərbaycan tarixinin ən uğursuz illərində Heydər Əliyevin birinci katib vəzifəsinə seçilməsi təsadüfi deyil.

Heydər Əliyev hakimiyyətə gəlməklə uzunmüddətli geriliyə son qoydu.

1979-1982-ci illərdə əldə edilən bütün nailiyyətlər Azərbaycanın müstəqilliyinə yönəlmiş nailiyyətlər idi.

Eyni zamanda 1993-cü illərdə çox ağır şəraitdə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı ikinci dəfə xilas etdi. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Biz onu göz bəbəyi kimi qoruyub saxlamalıyıq".

 

Sonda Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun hazırladığı "Tarix yazan lider" adlı sənədli filmi nümayiş etdirildi.

 

Nərgiz Orucova