Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi üçtərəfli əməkdaşlıq memorandumunu imzaladı
Bölmə: Sosial › ,Tarix: 20:19 12.12.2024
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıb.
9 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Türkiyənin “ Florence Nightingale Healthcare International Group” və İstanbul Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıblar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov 5 il əvvəl üç qurum arasında imzalanmış memorandumun əhəmiyyətindən danışaraq, bildirib ki, 3 may 2019-cu ildə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale Healthcare International Group”u və Demiroğlu Bilim Universiteti arasında imzalanmış üçtərəfli memorandum çox uğurlu, faydalı və tədbirlərlə zəngin bir layihə olmuşdur. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə “Florence Nightingale Healthcare International Group”u bir çox tədbirlərdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial tibbi aksiyalarda birgə iştirak etmiş, Mərkəzi Gömrük Hospitalının həkimləri və tibb bacıları “Florence Nightingale Healthcare International Group”unda təcrübə mübadiləsində iştirak etmişdilər.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bu memorandumun əhəmiyyətindən danışaraq bildirib ki, Demiroğlu Bilim Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi tibb sahəsi üzrə tədrisin bütün pillələrində tələbələr üçün yeni perspektivlər yaradacaq. Bu da öz növbəsində Mərkəzi Gömrük Hospitalının klinik bazasında təhsil alan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, Azərbaycan Tibb Universitetinin həkim-rezidentlərinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsinə, Azərbaycan üçün yüksək ixtisaslı kadrların yetişməsinə imkan verəcək.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxışında imzalanan sənədin əslində ölkəmizdə davam edən səhiyyə siyasətinə, səhiyyə islahatlarına bir dəstək olduğunu bildirib.
“Florence Nightingale Healthcare International Group”nun icraçı direktoru Sinan Nazif Aran bildirib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə imzalanmış memorandum birgə konfransların, simpoziumların təşkilində, həm də təcrübə mübadiləsində öz müsbət bəhrəsini verib. O, gələcəkdə də bu iş birliyinin birgə layihələrdə, birgə tədbirlərin təşkilində davam edəcəyinə ümidvar olduğunu bildirib.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev bildirib ki, hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan Mərkəzi Gömrük Hospitalı və “Florence Nightingale Healthcare International Group”u arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov “Florence Nightingale Healthcare International Group”nun icraçı direktoru Sinan Nazif Arana və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçiyə xatirə hədiyyəsi təqdim edib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Nərmin Həşimova