Media və ictimai rəy: Jurnalistlərin rolu

Bölmə: Sosial › ,
Tarix: 21:39 12.12.2024

"Sosial media platformaları insanların məlumat əldə etmə və paylaşma tərzini köklü şəkildə dəyişdirərək, hər kəsə öz fikrini geniş auditoriyaya çatdırma imkanı verib".

 

Bu sözləri yeni media üzrə tədqiqatçı Səbinə İzzətli "informator.az"a açıqlamasında deyib.

 

O bildirib ki, jurnalistika tarixən cəmiyyətdə ictimai rəyin formalaşmasında mühüm rol oynayıb:

 

"Ənənəvi media vasitələri- qəzetlər, radio və televiziya vasitəsilə məlumatların yayılması və ictimai fikrin yönləndirilməsi mümkün olub. Lakin son illərdə sosial medianın sürətli inkişafı və geniş yayılması, bu mənzərəni əhəmiyyətli dərəcədə dəyişib.

 Bu, ənənəvi medianın ictimai rəyə təsir gücünü müəyyən qədər azaltsa da, jurnalistikanın rolunu tamamilə aradan qaldırmayıb. 

Əksinə, jurnalistika sosial media vasitəsilə daha geniş auditoriyaya çatmaq və cəmiyyətə təsir etmək üçün yeni imkanlar əldə edib".

 

Müsahibin sözlərinə görə, sosial media vasitəsilə yayılan xəbərlər və məlumatlar sürətlə geniş kütlələrə çatır və bu, ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayır:

 

"Lakin bu sürət bəzən yanlış və yoxlanılmamış məlumatların da yayılmasına səbəb olur ki, bu da ictimai rəyin manipulyasiyasına gətirib çıxara bilər.

Bu baxımdan, peşəkar jurnalistlərin dəqiq və etibarlı məlumatlar təqdim etməsi daha da vacib hala gəlir. 

Bununla yanaşı, sosial media jurnalistlər üçün informasiya yayımında əlavə kanal və cəmiyyətlə davamlı dialoq vasitəsinə çevrilmişdir. Bu, jurnalistlərin cəmiyyətlə daha interaktiv əlaqə qurmasına və ictimai rəyin formalaşmasında daha fəal rol oynamasına imkan verir. 

Bir sözlə, sosial medianın geniş yayıldığı dövrdə jurnalistika hələ də ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Lakin bu rolun effektivliyi jurnalistlərin peşəkarlığından, təqdim etdikləri məlumatların dəqiqliyindən və sosial medianın imkanlarından necə istifadə etmələrindən asılıdır".

 

"Bu səbəbdən, jurnalistlər sosial medianın yaratdığı çağırışlara uyğunlaşmalı və cəmiyyətə doğru, etibarlı və balanslı məlumatlar təqdim etməyə davam etməlidirlər".

 

Aydan Quliyeva