Tələbələrin Hüquqları və Təhsil Sistemində Hüquqi Boşluqlar
Bölmə: Sosial › ,Tarix: 22:18 12.12.2024
Tələbələrin hüquqlarının qorunması və təhsil sistemində mövcud olan hüquqi çatışmazlıqlar, gənclərin təhsil keyfiyyətini və gələcəyini birbaşa təsir edən mühüm məsələlərdir. Bu problemlərin həlli üçün hüquqi biliklərin artırılması və sistemli islahatlar vacibdir.
Bu barədə hüquqşünas Günay Abbasova "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, tələbələrin əksəriyyəti hüquqlarını bilmədikləri üçün hüquq pozuntuları ilə qarşılaşdıqlarında özlərini müdafiə edə bilmirlər:
"Təhsil müəssisələrinin əsas məqsədi maarifləndirmək olduğundan, tələbə hüquqları barədə məlumatlandırma işində də onlar məsuliyyət daşıyırlar. Hüquqi maarifləndirmə tədbirləri, seminarlar və təlimlər təşkil olunmalı, tələbələr mövcud hüquq müdafiə mexanizmlərindən necə istifadə edəcəkləri barədə məlumatlandırılmalıdır. Bununla yanaşı, hüquq sahəsində fəaliyyət göstərən tələbə təşkilatları ilə əməkdaşlıq etməklə ortaq layihələrin həyata keçirilməsi də bu istiqamətdə böyük fayda verə bilər”.
Hüquqşünas qeyd edib ki, təhsil qanunvericiliyində bəzi boşluqlar tələbələrin hüquqlarını məhdudlaşdıra bilər. Bu, xüsusilə şikayət mexanizmlərinin qeyri-effektivliyi və xarici tələbələrin üzləşdiyi problemlərlə bağlıdır:
"Xüsusilə Azərbaycan universitetlərində təhsil alan xarici tələbələri nəzərə almalıyıq. Onlar bir çox hallarda dil baryeri və hüquqi yardımdakı çatışmazlıqlar səbəbindən təhsil prosesində bərabər imkanlara malik olmurlar. Bu problemi aradan qaldırmaq üçün hüquqi və akademik dəstək xidmətləri yaradılmalıdır. Bundan əlavə, mövcud qanunvericilik tələbələrin təhsil alarkən əmək fəaliyyəti ilə məşğul olmasına dair dolğun müddəalar əks etdirmir. Bu sahədə normativ bazanın genişləndirilməsi vacibdir".
Müsahib hüquqlarının pozulduğunu düşünən tələbələrin atmalı olduğu addımları da vurğulayıb:
"Əgər tələbə hüquq pozuntusu ilə qarşılaşıbsa, ilk növbədə, universitet rəhbərliyinə və hüquq pozuntusuna səbəb olan şəxs və ya şəxslərə müraciət etməlidir. Əgər bu yollar nəticəsiz qalarsa, Tələbə Həmkarlar İttifaqı Komitəsinə və ya Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etmək lazımdır. Əgər bu vasitələrlə də problemin həlli mümkün olmazsa, tələbə iddiaçı qismində məhkəməyə müraciət edə bilər.
Tələbələrin hüquqlarının qorunması üçün təhsil müəssisələrinin hüquqi maarifləndirmə işini gücləndirməsi, qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması və effektiv şikayət mexanizmlərinin yaradılması mühüm əhəmiyyət daşıyır".
Nuray Qurbanlı