Göz Seğirməsi-Nevrologiya və Oftalmologiyanın Təhlili

Bölmə: Sosial › ,
Tarix: 19:37 13.12.2024

Göz seğirməsi, əsasən, sinir sisteminin zəifləməsi və ya yorğunluq səbəbindən yaranan vəziyyətdir. Nevroloji problem olaraq qəbul edilən bu hal, adətən stress, texnoloji cihazlardan uzunmüddətli istifadə və yuxusuzluq kimi faktorlardan qaynaqlanır. Nadir hallarda göz xəstəlikləri ilə əlaqəli ola bilər.


Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur "informator.az"a açıqlamasında bildirib ki, göz seğirməsi, ümumilikdə, 99 faiz hallarda nevroloji xəstəliklərin predmetidir:

 

"Nevroloqlar, sinir mütəxəssisləri bu problemi müalicə edir və onun profilaktikası ilə məşğul olurlar. Sinir sisteminin vəziyyəti bu göz seğirməsinə səbəb olur".

 

Mütəxəssisin sözlərinə görə, nadir hallarda göz xəstəlikləri göz seğirməsinə səbəb ola bilər:

 

"Nadir göz xəstəlikləri zamanı qıcıqlanma səbəbindən gözün seğirməsi mümkündür. Belə hallarda ilk növbədə nevroloqa müraciət etmək lazımdır. Texnoloji cihazlardan uzun müddət istifadə, nəinki göz seğirməsini, digər göz xəstəliklərini - torlu qişa, görmə siniri və digər xəstəlikləri ağırlaşdıra bilər. Ona görə də texnoloji cihazlardan istifadədə qoruyucu vasitələr tətbiq edilməli və bu müddət məhdudlaşdırılmalıdır".

 

Nərgiz Orucova