Anesteziya nədir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:13 13.12.2024
Anesteziya cərrahi əməliyyatların ağrısız şəkildə həyata keçirilməsi üçün hüceyrələrin bioloji funksiyalarını müvəqqəti olaraq yavaşlatmaq, keyitmək və ya dayandırmaq üçün edilən tətbiqdir.
Bəs anesteziya növü necə müəyyən olunur?
Məsələ ilə bağlı, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, anestezioloq əməliyyat öncəsi xəstəni müayinə edərkən əməliyyatın növünə görə anesteziya növünü müəyyən edir:
“ Əməliyyat öncəsi, əməliyyatın növünə görə əməliyyat paketi seçilir. Əlavə müayinələr isə anestezioloqun qərarına görə aparıla bilər. Ümumi anesteziya- bu zaman istifadə olunan anestetiklər xəstəyə maska üsulu ilə buxar və inhalyasiya və maye formasında venadaxili şəkildə yeridilir. Ümumi anesteziya zamanı xəstə, huşsuz vəziyyətə gətirilir, xəstənin ətraf mühitə olan həssaslığını, stimullarını aradan götürür. Buna görə də, xəstənin ağrıya qarşı olan hissi itir və xəstə əməliyyat öncəsi olanları xatırlamır, xəstədə amneziya yaranır.
Yüngül dərəcəli prosedurlar zamanı anestezial sedasiya növündən istifadə olunur. Belə halda, yüngül yuxugətirici və uyuşturucu tətbiq olunur, xəstə tam anesteziya olunaraq yuxulu vəziyyətə salınır. Ümumi anesteziyanın yan təsirləri və yaxud ağırlaşmaları, əsasən tənəffüs yollarının idarə edilməsi ilə bağlı ola bilər. Ürəkbulanma, qusma, boğaz ağrısı, allergik reaksiya, bəzi anestetiklərin tətbiqi zamanı uşaqlarda bədxassəli hipertermiya, tənəffüs depressiyası kimi hallar ümumi anesteziyanın yan təsirlərinə aid olan faktorlardır.
Regional anesteziya isə daha ciddi ağrıları bloklayır, əməliyyat sahəsindən asılı olaraq 2 növü var: epidural anesteziya, spinal anesteziya. Müəyyən sinirlərin ətrafına vurulan yerli anestetiklər sinir keçiriciliyini pozaraq siniri bloklayır”.
Həkimin sözlərinə görə, anesteziyanın yan təsirləri və ya spesifik riskləri anesteziya və cərrahi əməliyyatın növünə görə dəyişir:
“ Sırf anesteziyaya bağlı ölüm və uzunmüddətli ağırlaşmalar riski olduqca azdır, demək olar ki, nadir hallarda rastlanır. Ümumiyyətlə, müasir anesteziya fəsadız şəkildə aparılır və xəstə əməliyyat sonrası oyadılaraq palataya göndərilir”.
Nərmin Həşimova