Sosial şəbəkələrdə paylaşılan müalicə üsulları nə qədər etibarlıdır?-Ekspert AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:40 13.12.2024

Sosial şəbəkələrdə müxtəlif vasitələrlə dərman məhlullarının hazırlanması ilə bağlı paylaşımlar edilir. Bal, limon, zəncəfil, sarımsaq, soğan, qoz və bir sıra məhsullardan hazırlanan bu vasitələrin soyuqdəymə, qrip və boğazağrısına qarşı effektiv olduğu iddia edilir. Xüsusilə də, uşaqlar üçün bu qarışıqların faydalı olduğu vurğulanır. Ancaq hazırlanan məhsulların nə dərəcədə təhlükəsiz olduğu suallar doğurur.

 

Məsələ ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, hazırda çoxsayılı "həkimlər" ortaya çıxıb:

 

"Xalq təbabəti min illərin süzgəcindən, imtahanından keçən reseptlərdir. Amma həkim olmayan şəxs xəstəyə heç vaxt düzgün diaqnoz qoyub, müalicə edə bilməz. Tutaq ki, xəstə qaraciyərindən şikayətlənir, həmin "həkim" isə onu sağaldacaq bir bitkini həmin adama verib qaraciyəri sağalda bilər. Amma düşünmək lazımdır ki, bəlkə həmin şəxsin böyrəyində, başında, ürəyində və s. digər orqanlarında da problem var. Həkim olmayan şəxs bunları bilə bilməz. Bitkilərin, göy-göyərtilərin faydalı olduğu ,təbii ki, danılmazdı və gündəlik qidalarımızda da çalışdığımız qədər çox istifadə etməliyik. Xüsusən də, göy-göyərti, meyvələr yeməkdən əvvəl qəbul edilməlidir ki, onların təsirindən əmələ gələn maddələr qidanı həzm edə bilsin",-deyə o,fikirlərini yekunlaşdırıb.

 

Mehriban Nəsibova