Azərbaycan mediası: tarix və müasirlik-Şirməmməd Hüseynov 100

Bölmə: MEDİA › ,
Tarix: 11:32 17.12.2024

Dekabrın 17-də Bakı Dövlət Universitetinin böyük akt zalında görkəmli alim və mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunan Azərbaycan mediası: tarix və müasirlik mövzusunda Beynəlxalq elmi-praktiki konfrans baş tutdu.

Konfransı giriş sözləri ilə açan BDU-nun rektoru Elçin Babayev görkəmli mətbuat tarixçisi Şirməmməd Hüseynovun 100 illiyinin qeyd olunduğunu, onun dərs deyib-deməməyindən asılı olmayaraq qələm sahiblərinin ona dərin hörmət bəslədiyini vurğuladı. Həm alimliyi, həm də müəllimliyi ilə fərqləndiyindən söhbət açdı. Qeyd etdi ki, bu gün də ondan dərs almayanlar belə ona ustad deyirlər.


Konfrans zamanı Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunan video-çarx nümayiş olundu.

Davamında, Üsküdar Universiterinin rektoru Nazife Güngör çıxışında Şirməmməd Hüseynovun tarix yazan jurnalist olduğunu söyləyərək,- jurnalistikanın önəmli sahə olduğundan söhbət açdı.

Ardınca, Azərbaycan Respublikasının Deputatı, "İki Sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə jurnalistika tədqiqatçısı olmağın hər bir müəllimə, pedaqoqa nəsib olmadığını, Şirməmməd müəllimin harada, kimə dərs deməyindən asılı olmayaraq ədalət meyarını ən böyük prinsip olaraq qəbul etdiyini söylədi. Bildirdi ki, insan öz yaşı ilə deyil, həyatı ilə iz buraxır.

"O elə bir məktəb buraxıb ki, hələ bundan sonra da o məktəb tək jurnalistləri deyil, vətəndaşları da formalaşdıracaq".


Konfransın gedişində Mətbuat şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, ARB24-ün icraçı drektoru Radik İsmayılov, "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov, BDU Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Multimedia və Elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxış edərək, onun millətə, məsləkə qoyduğu həyat amalına diqqət çəkərək, xatirələrini bölüşdülər.

Davamında Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Şirməmməd Hüseynovun siyasi icmalçı portretindən bəhs edərək, onun dəqiq, konstruktiv mövqe nümayiş etdirən bir siyasi icmalçı olduğunu bildirdi.

Sonda ailəsi adından Azərbaycan Respublikası Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova çıxış edərək, daima Şirməmməd Hüseynovla qürur duyduqlarını və onun yolu ilə getdiklərini qeyd etdi.

Banuçiçək Kalbalıyeva
Aytac Kərimova