Şirməmməd Hüseynovun geridə qoyduğu xatirələr...
Bölmə: MEDİA › ,Tarix: 18:39 17.12.2024
Dekabrın 17-i ustad Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olundu. Bu 100 il ərzində o, yalnız Azərbaycan jurnalistikası üçün deyil, bütövlükdə mədəniyyətimiz və tariximiz üçün böyük töhfələr verən bir şəxsiyyətə çevrildi. Şirməmməd müəllim, öz zəhmətkeşliyi və əzmkarlığı ilə gənc jurnalistlərə nümunə oldu, mətbuatımızın inkişafına və tariximizin işıqlandırılmasına böyük qatqılar verdi. Onun bu yolda apardığı işlər, yazdığı məqalələr və irəli sürdüyü ideyalar hələ də bizə yol göstərir.
Mətbuat Şurasının sədri Rəşad Məcid Şirməmməd Hüseynovla bağlı xatirələrini İnformator.az-la bölüşdü:
"Ustad Şirməmməd Hüseynovla bağlı xatirələr çoxdur. Mən ustadın "525-ci qəzet"lə əlaqələri barəsində danışmaq istəyirəm. Əslinə qalsa uzun illər boyu "525-ci qəzet"lə Şirməmməd müəllimin əməkdaşlığı həm də bizim tələbəlik illərinin davamı idi. O yenə də bizə nümunə göstərirdi və öyrədirdi. "525-ci qəzet"ə tez-tez gəlir, yazılar yollayırdı. Bunların içərisində də biz onun əzimkarlığını, zəhmətkeşliyini, gördüyü işə sevgisini, ehtiramını hiss edirdik. Həm Üzeyr Hacıbəylinin nəşrdən kənarda qalan əsərlərinin, sonradan kitab kimi işıq üzü görən yazılarının, həm də Məhəmməd Əmin Rəsulzadənin çap olunmayan əsərləri-bunların hamısı uzun vaxt boyu "525-ci qəzet"də silsilə şəkildə dərc olunurdu. O, hər bir yazısının, hər bir sözünün üzərində əsirdi. Yazılarına diqqət göstərilməsində bizim redaksiyanın kollektivini də səfərbər edirdi və onlar ustaddan jurnalistikada aldığı dərsi praktikada da öyrənirdilər.
Azərbaycan mətbuat tarixinə münasibət və onun təbliği istiqamətində Şirməmməd Hüseynovun fəaliyyəti əvəzsizdir. Hər dəfə o, redaksiyaya müraciət edəndə bilirdik ki, yeni bir yazı gətirəcək və mətbuat tariximizlə bağlı bilinməyən məqamları ortaya qoyacaq".
Rəşad Məcid Şirməmməd Hüseynovun təklifi ilə onun hazırladığı "Həyat", "İrşad" və "Açıq söz" qəzetlərinin ilk sayının "525-ci qəzet"in içərisində dərc etdiklərini xatırladığını söylədi:
"Cümhuriyyət dövrü "Azərbaycan qəzeti"nin parlamentin açılışına həsr olunan bir sayının, eyni zamanda müstəqil Cumhuriyyətin 1 illiyinə həsr olunan nömrəsinin də transliterasiyalarını 525-ci qəzetdə çap etdik. Bunlar həm mətbuat tariximizə münasibəti yaratmaq baxımından, həm də jurnalistlərə, tələbələrə tariximizi sevdirmək baxımından əhəmiyyətli məqamlar idi.
Axırıncı dəfə o, 2019-cu ildə yay başlayanda yazılarına fasilə verdi və dedi ki, İnşallah sentyabrdan yeni nəşrləri davam etdirəcək. Mən çox təəssüf etdim ki, Şirməmməd Hüseynovun vəfatı buna imkan vermədi.
Yadımdadır ki, bir verlişdə Şirməmməd Hüseynov çıxış edəndə dedi ki, əlimdə işim çoxdur, ona görə ölməyə vaxtım yoxdur. Türkiyədən bir alim bu sözlərə qulaq asıb gəldi ki, mən bu adamı görməliyəm, bu düşüncədə olan insanla tanış olmalıyam.
Şirməmməd Hüseynov öz həyatı ilə bizə nümunə oldu, böyük bir dərs keçdi.
Biz jurnalistika fakültəsində oxuyanda 4 qoşa saat bizə dərs dedi və burjua ölkələrinin mətbuatı barəsində danışdı. Həmin o Sovet illərində, senzuranın, məhdudiyyətlərin mövcud olduğu bir vaxtda 4 qoşa saatda burjua mətbuatı barəsində danışarkən bizə sətr altı elə həqiqətləri deyirdi. O həqiqətlər şüphəsiz bizim sonrakı həyatımızda və şəxsən mənim düşüncələrimə dərin təsir etdi".
Banuçiçək Kalbalıyeva