Bəzi boşanan ailələrdə uşaqların "silah" kimi istifadəsi

Bölmə: Sosial › ,
Tarix: 19:32 17.12.2024

"Boşanmadan sonra uşaqların valideynlər arasında “silah” kimi istifadə edilməsi, xüsusilə bir valideynin, digərinin uşağı ilə münasibətinə mane olması, həm uşağın, həm də valideynlərin psixologiyasına ciddi təsir göstərir. Bu vəziyyətə nəzarət etmək və həll etmək üçün həm hüquqi, həm də psixoloji aspektləri nəzərə almaq lazımdır".

 

Bu sözləri Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "İnformator.az"a açıqlamasında qeyd edib.

 

O bildirib ki, valideynlər arasında “seçim” etməyə məcbur edilən uşaqlar özlərini günahkar hiss edirlər:

 

"Atasızlıq hissi uşağın güvənsiz, qorxmuş və tənha hiss etməsinə səbəb ola bilər. Eyni zamanda, münaqişələrə şahid olan və valideynlər arasında “silah” kimi istifadə olunan uşaqlarda təşviş pozuntuları, depressiya və hətta aqressiv davranışlar müşahidə edilə bilər. Qeyd edim ki, uşağın inkişaf dövründə əksik ata sevgisi onun şəxsiyyətinin formalaşmasına mənfi təsir edir. Kişi modelinin olmaması, oğlan uşaqlarında güvənsizlik və kimlik problemi yarada bilər. Qız uşaqlarında isə ata ilə münasibətin kəsilməsi, gələcəkdə kişi cinsinə qarşı güvənsizlik və münasibət problemlərinə səbəb ola bilər. Digər tərəfdən, valideynlər arasındakı gərginlik uşağın məktəbdə akademik göstəricilərinə və sosial münasibətlərinə mənfi təsir göstərir".

 

Psixoloq sözlərində, həmin uşaqların davranış problemləri və yoldaşları ilə ünsiyyət çətinliklərinin ortaya çıxdığını da qeyd edib:

 

"Uşaqlar yetkinlik dövründə münasibətlərdə sevgi və güvən problemi yaşayırlar. Onu da qeyd edim ki, ailədə müşahidə etdikləri konflikt modeli gələcəkdə onların öz ailələrində təkrar oluna bilər. Onlarda yetkinlik yaşında depressiya, təşviş pozuntuları və emosional stabilliyin olmaması müşahidə oluna bilər.

Ona görə də, boşanma prosesində hər iki valideynin əsas məqsədi uşağın psixoloji sağlamlığını qorumaq olmalıdır. Ana və ata ayrılsalar da, birgə psixoloji konsultasiyalara qatılaraq qərarlar qəbul etməlidirlər. Bu zaman, uşağın psixoloji vəziyyətini stabilləşdirmək üçün uşaq psixoloqunun müdaxiləsi vacibdir. Bu uşağın duyğularını idarə etməsinə kömək edər.

Bu vəziyyətdə hər iki tərəfin məsuliyyətli davranması və uşağın gələcəyini düşünərək qərarlar qəbul etməsi həyati əhəmiyyət daşıyır. Əks təqdirdə, bu psixoloji zərbələr uşağın ömür boyu daşıdığı bir yükə çevrilə bilər".

 

 Nigar Səmədli