"Ədalətli imtahan sistemi"

Bölmə: Sosial › ,
Tarix: 20:28 17.12.2024

Dövlət İmtahan Mərkəzi (DİM), TQDK irsini qoruyaraq ədalətli imtahan sistemini qorumağa çalışır.

 

 Bu barədə təhsil eksperti Qoşqar Məhərrəmov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, Dövlət İmtahan Mərkəzi, əvvəlki TQDK-dan götürdüyü irsi davam etdirə bildi:

 

"Yəni, TQDK ölkədə ilk olaraq, həmin dövr üçün çox müasir bir yanaşma ilə ədaləti bərqərar eləməyə çalışdı. Düşünürəm ki, DİM  böyük miqyasda buna nail oldu. Belə ki, ölkənin hər bir yanından eyni bir imtahana daxil olaraq, həmin imtahanın nəticəsi ilə universitetə daxil olmaq ,həmin tələbələrin yerləşdirilməsi, ölkədə qiymətləndirmə sisteminin təkmilləşdirilməsi DİM vasitəsilə mümkün oldu. Bundan sonra, ölkədə digər müxtəlif imtahanları da,  Beynəlxalq imtahanları da yenə DİM-in keçirməsi həmin bu qurum üçün önəmli təcrübələr oldu, həm də ölkəmiz üçün böyük bir nailiyyət oldu. Hətta , Yüksəliş müsabiqəsində də, bundan sonra digər imtahan növlərində də DİM-in rol alması, düşünürəm ki, ölkədə ədalətli qiymətləndirmə sisteminin bərqərar olması üçün xüsusi önəm daşıdı".

 

 Ekspert "DİM imtahan sistemində hansı dəyişikliklər olmalıdır?" sualını da cavablandırıb:

 

"Biz əgər sadəcə bir imtahan nöqteyi nəzərindən, məsələn, abituriyentlərin universitetə girməsi baxımından bu məsələyə baxsaq, düşünürəm ki, artıq bizim ənənəvi test dövründən - 4, 5 cavabdan birinin düzgün sayıldığı dövrdən- daha fərqli sual növlərinə keçid etməliyik. Düşünürəm ki, testlər daha çox yaddaşı yox, idrakı ölçməlidir. Yəni, açıq tipli, esse tipli suallara doğru getməliyik, test tapşırıqları əzbərçi və sayca çox - sürəti ölçən yox ,biliyin dərinliyini ölçən suallar şəklində olmalıdır. Biz belə etsək, daha savadlı, dərrakəli şagirdləri seçə bilərik".

 

Nigar Həsənzadə