İcbari Tibbi Sığortanın Genişləndirilməsi və İctimai Nəzarət Tələbi
Bölmə: Sosial › ,Tarix: 18:32 17.12.2024
İcbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfinə gələn ildən yeni xidmətlər daxil ediləcəyi və sığorta ödəniş mexanizmlərində dəyişikliklərin nəzərdə tutulduğu bildirilib.
Mövzu ilə bağlı professor Adil Qeybulla “informator.az”a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın genişləndirilməsi tədricən olmalı, ictimai nəzarət həyata keçirilməlidir:
“Sığorta Zərfinin genişləndirilməsi sadəcə istək hesabına ola biləcək bir prosedur deyildir. Birincisi, bu xidmətlərə sərf olunacaq vəsait və bir-iki il öncəki xəstələrin ümumi xərci hesablanıb, proqnoz verməklə bunu təmin etmək mümkündür. Bu gün ayrılan 3,5 milyard vəsait ümumiyyətlə icbari tibbi sığorta üçün Azərbaycan əhalisinin effektiv tibbi yardımını həyata keçirmək üçün yetərli deyil. Söhbət onkoloji xəstələrin daxil edilməsindən gedir. Təbii ki, onkoloji xəstələrin müalicəsi çox bahadır və bu xidmətləri əhatə etmək üçün xeyli vəsait lazımdır. Ona görə də hesab edirəm ki, biz elə dəyişikliklər etməliyik ki, bunlar tədricən olsun və vətəndaş bundan fayda görə bilsin. Bunlar birbaşa genişlənərək gedir, ancaq ortada bir nəticə yoxdur. Vətəndaşların da çoxu məmnun qalmır. Hesab edirəm ki, bu cür məsələlərin ictimai nəzarəti də həyata keçirilməlidir”.
Ləman Ağayeva