Audiovizual Şura bu qurumla əməkdaşlıq memorandumu imzalayıb
Bölmə: MEDİA › ,Tarix: 20:46 17.12.2024
17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşun rəhbərlil etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin may ayında Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb. O deyib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Audiovizual media tənzimləyiciləri arasında bu əməkdaşlıq Audiovizual Şuraya digər ərəbdilli ölkələrlə, HACA-ya türkdilli ölkələr və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında töhfə verəcək. Audiovizual Şuranın sədri media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayaraq, qarşıdakı əməkdaşlıq üçün nikbin olduğunu bildirib.
HACA sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb. Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini və ortaq fəaliyyət istiqamətləri üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. O, bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” sözlərini sitat gətirərək, 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini, Azərbaycanın postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkə olduğunu bildirib. Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə məlumat verilib.
Görüşün yekununda Audiovizual Şura ilə HACA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.