Frilans işin gənclər arasında populyarlığı: Üstünlükləri nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 23:15 18.12.2024

Son illərdə frilans iş modeli dünya miqyasında böyük populyarlıq qazanıb. Müasir dövrün tələblərinə uyğun olaraq formalaşan bu iş modeli xüsusilə gənclərin diqqət mərkəzindədir. Azad və çevik iş rejimi təqdim etməsi, rəqəmsal bacarıqların inkişafını dəstəkləməsi və beynəlxalq platformalarda yeni imkanlar yaratması frilans işin cazibədarlığını artırır.

 

Bu barədə iqtisadçı Elçin Rəşidov "informator.az"a açıqlamasında danışıb. 

 

O bildirib ki, bu model gənclərə iş-həyat balansını özlərinə uyğun şəkildə qurmağa şərait yaradır:

 

"Frilans iş modeli qlobal miqyasda sürətlə populyarlaşır. Bu model gənclərə iş-həyat balansını öz tərzlərinə uyğun qurmaq imkanı yaradır. Xüsusilə müasir dövrdə gənclərin bu iş formasına marağı daha da artmışdır. Əvvəllər ənənəvi iş yerlərinin üstünlük təşkil etdiyi halda, indi layihə əsaslı iş modelləri geniş yayılmışdır. Bu da şirkətlərin frilans işçilərə olan tələbatını artırır. Frilans iş modeli rəqəmsal dövrün gətirdiyi ən böyük üstünlüklərdən biridir. Xüsusilə, gənclər bu modellə azad şəkildə işləyir, öz bacarıqlarını inkişaf etdirir və rəqabət qabiliyyətli olurlar. Beynəlxalq platformaların genişlənməsi bu modelin Azərbaycanda da tətbiqini sürətləndirib".

 

Frilans iş modelinin təhsilə təsirindən bəhs edən Elçin Rəşidov qeyd edib ki, universitetlərdə frilans müəllimlərin çalışması yeni bir tendensiyadır:

 

"Bu gün artıq universitetlər ənənəvi təhsil sistemindən çıxaraq çevik modellərə üstünlük verir. Frilans müəllimlər tələbələrə daha aktual biliklər ötürür və onların təhsilinə fərqli yanaşmalar gətirir. Ənənəvi müəllimlər isə bəzən tələbələri lazımsız məlumatlarla yükləyərək vaxt itkisinə səbəb olurlar. Eyni zamanda, frilans tədris modeli universitetlərin iş yükünü azaldır. Tələbələrin sayı və tədris proqramı dəyişdikcə bu modellə çevik həllər tətbiq etmək mümkündür".

 

Frilans iş modelinin üstünlükləri ilə yanaşı, dezavantajlarına da toxunan iqtisadçı bildirib:

 

"Frilans iş rəqəmsal bacarıqların inkişafını dəstəkləyir və çalışanların daima öz üzərində işləməsini təşviq edir. Bu model iş şəraitində şəffaflığı artırır və mərkəzləşdirilmiş idarəetmə yanaşmasından uzaq bir iş mədəniyyəti formalaşdırır. Frilans iş həm də sahibkarlıq elementlərini ehtiva edərək, bir növ startap rolunu oynayır. Xüsusən işsizliyin yüksək olduğu ölkələrdə bu modelə maraq daha çoxdur. Bu modelin ən böyük problemi gəlir sabitliyinin olmamasıdır. Xüsusilə, ailə sahibi olan şəxslər üçün bu ciddi çətinlik yaradır. Frilans işlərdə sabit karyera nərdivanı yoxdur. Layihə bitdikdə işçinin də işi sona çatır. Bu isə qeyri-müəyyən gəlir və karyera durğunluğuna səbəb ola bilər. Frilans iş modeli gənclər üçün böyük imkanlar açsa da, bu modelin çatışmazlıqları nəzərə alınmalıdır. Hər bir şəxs öz prioritetlərinə uyğun olaraq bu modeli seçməlidir".

 

Nuray Qurbanlı