“Azərbaycan və Türkiyə: Cənub Qaz Dəhlizi ilə Enerji Əməkdaşlığı”

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:54 19.12.2024

Azərbaycan-Türkiyə enerji əməkdaşlığının regional və qlobal təsirləri mövcuddur.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “informator.az”a açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizinin əsas hədəfi Avropanın Rusiyadan enerji asılılığını azaltmaq və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakını təmin etməkdir:

 

“Cənub Qaz Dəhlizi, Azərbaycan qazının Cənubi Avropa ölkələrinə çatdırılması üçün həyata keçirilən bir layihədir. Bakı-Tbilisi qaz boru kəməri, sonra TANAP və daha sonra TAP çəkilib. Boru kəməri Azərbaycandan başlayaraq Gürcüstandan keçir, Türkiyəyə daxil olur, oradan Yunanıstana və nəhayət, İtaliyaya çatır. Bu boru kəmərinin əsas məqsədi Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdır. Azərbaycan üçün isə bu layihə, ölkənin Avropanın enerji təhlükəsizliyində iştirakını tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır. Artıq keçən il Avropaya təxminən 20 milyard kubmetr qaz ötürülüb. Bu kəmərin keçdiyi bütün ölkələr ondan faydalanır. O cümlədən, Türkiyə sabit qiymətlə qaz alır ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına ciddi təkan verir”.

 

Politoloq əlavə olaraq bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə elektrik enerjisi ixracına dair niyyət protokolu mövcuddur:

 

“Müqavilə hələ imzalanmayıb, lakin Azərbaycan bu istiqamətdə irəliləməyi hədəfləyir. Amma elektrik enerjisi şəbəkəsinin hazırda Türkiyəyə hansı marşrutlarla çatdırılacağı məlum deyil. Hazırda Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunur. Əgər Zəngəzur dəhlizi açılarsa, elektrik enerjisinin nəqli üçün yaradılacaq infrastruktur əlbəttə ki, bu dəhlizdən keçəcəkdir”.

 

Ləman Ağayeva