Ekoloji maarifləndirmənin vacibliyi-Ekoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:16 19.12.2024

"Azərbaycanda da keçmiş Sovet Respublikaları kimi ekoloji maarifləndirmə çox aşağı səviyyədədir. Bəzi hallarda bu, fərdi təşəbbüslərlə həyata keçirilir, bəzən isə institutlar və məktəblərdə tədris olunmasına baxmayaraq, lazımi diqqət yetirilmir".

 

Bu sözləri "informator.az"a açıqlamasında ekoloq Sadiq Həsənov söyləyib. Ekoloq ekoloji maarifləndirmə kampaniyalarının əhəmiyyətindən də bəhs edib:

 

"Ekoloji maarifləndirmə müasir dövrün mühüm vəzifələrindən biridir. İnkişaf etmiş ölkələrdə, xüsusilə Avropa dövlətlərində, ABŞ, Yaponiya və digər yüksək səviyyədə təşkil olunmuş cəmiyyətlərdə bu proses erkən yaşlardan, məktəb təhsilindən başlayır. Uşaqlar biosfer, canlı orqanizmlər, flora və fauna, ağacların və heyvanların ekosistemdəki rolu haqqında maarifləndirilir. Onlara ekoloji balansın qorunmasının əhəmiyyəti, bu prosesin təsirləri və mühafizə üsulları tədris edilir. Ekoloji biliklər insanların erkən yaşlardan mütəmadi olaraq əldə etməli olduğu əsas bacarıqlardan biridir. Bu biliklərə suyun əhəmiyyəti, onun çirklənməsinin nəticələri, ağacların kəsilməsinin təsirləri, biosferin canlılığı və təbiətə dost yanaşmanın formalaşdırılması daxildir. Ətraf mühitlə insan arasındakı qarşılıqlı təsirin dərk edilməsi, həmçinin bu təsirlərin canlılara və ümumilikdə ekosistemə olan təsirlərinin öyrədilməsi vacibdir. Bu maarifləndirmə həm tədris proqramları, həm də kütləvi informasiya vasitələri, televiziya proqramları və maarifləndirici layihələr vasitəsilə davamlı şəkildə həyata keçirilməlidir".

 

Sadiq Həsənovun sözlərinə görə, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər də mühüm rol oynayır:

 

"Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif görüşlər, konfranslar təşkil edir, maarifləndirici roliklər hazırlayır və onları nümayiş etdirir. Bununla yanaşı, elmi-tədqiqat müəssisələri və təhsil qurumlarının da bu sahədə fəaliyyəti önəmlidir. Üçüncü bir istiqamət isə qeyri-hökumət təşkilatları və media qurumlarının təşəbbüsləridir. Media vasitəsilə maarifləndirmə tədbirləri işıqlandırılaraq geniş ictimaiyyətə çatdırılır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Belə tədbirlər nəticəsində təbiətə zərər verən davranışların, məsələn, tullantıların ətraf mühitə atılması, suyun israf olunması və ya ağacların kəsilməsi kimi hallar azalır və cəmiyyət üzvlərinin ekoloji şüuru yüksəlir".

 

Fatimə Abdulrəhimli