Sınıq Qəlb Sindromu: Stress və Təşvişin Fiziki Təsirləri
Bölmə: Sosial › ,Tarix: 23:39 19.12.2024
Sınıq qəlb sindromu, stress və təşviş pozuntularının birləşdiyi, həm emosional, həm də fiziki sağlamlığa təsir edən ciddi bir vəziyyətdir.
Məsələ ilə bağlı, Ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az" saytına açıqlamasında bildirib ki, bu sindromun əsasında itirmə qorxusu durur:
" Sınıq qəlb sindromu həyat boyu davam edən emosional sıxıntılara və zamanla fiziki sağlamlıq problemlərinə səbəb ola bilər. Uşaqlıq dövründə, xüsusilə təşvişli və stresli valideynlərin davranışları, uşağın gələcəkdə bu sindroma meyilli olmasına yol aça bilər. Bu sindrom yalnız yetkinlərdə deyil, həm də yeniyetmə yaşdakı gənclərdə də müşahidə oluna bilər. Sınıq qəlb sindromu yaşayan insanlar, yüksək səviyyəli stress və təşviş hissi ilə mübarizə aparırlar. Bunun nəticəsində, yalnız emosional sağlamlıq zədələnmir, həm də ürək və damar xəstəlikləri kimi ciddi fiziki problemlər ortaya çıxa bilər. Xüsusilə infarkt və insult riskləri artar. Bütün bu səbəblərdən dolayı, sinir və ürək problemləri ilə yanaşı, psixoloji müalicə də bu sindromun qarşısını almaq üçün vacibdir".
Psixoloq, təşviş və stresin səbəb olduğu, sınıq qəlb sindromunun qarşısını almaq üçün uşaqlarda sağlam emosional mühitin yaradılması, psixoloji dəstəyin təmin edilməsi və valideynlərin daha diqqətli olmasının çox əhəmiyyətli olduğunu bildirib:
"Bu sindromu önləmək, gələcəkdə bir çox ciddi sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər".
Çinarə Tarverdiyeva