Qloballaşan dünyada milli kimlik: Gənclər arasında kimlik anlayışı necə dəyişir?

Bölmə: Sosial › ,
Tarix: 21:44 20.12.2024

Qloballaşma, dünyada mədəniyyətlərin və sosial strukturların sürətli şəkildə bir-birinə yaxınlaşması prosesidir. Bu proses, xüsusilə gənclər arasında kimlik anlayışını əhəmiyyətli dərəcədə dəyişdirir.

 

Bu barədə psixoloq Ezgi Şahin "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, qloballaşmanın gənclərə həm mənfi, həm də müsbət təsirləri var:

 

"Qloballaşma gənclərə həm müsbət, həm də mənfi təsir göstərir. Müsbət tərəfi odur ki, gənclər öz ölkələrində hansı imkanların olmadığını və nələrdən məhrum qaldıqlarını daha yaxşı anlayırlar. Bu da, onları öz hüquqları uğrunda mübarizəyə təşviq edir. Lakin hər ölkənin gənclərə təqdim etdiyi potensial və istiqamətləndirmə eyni səviyyədə deyil. Bu fərqliliklər bəzi gənclərdə özünü dəyərsiz hiss etmə, depressiya və ümidsizlik kimi psixoloji hallar yaradır. Onlarda "Niyə mən öz ölkəmdə istədiklərimi edə bilmirəm?" kimi suallar meydana gəlir.

 

Sosial şəbəkələr vasitəsilə başqa ölkələrin müsbət tərəfləri ilə tanışlıq isə bu müqayisələri daha da artırır və psixoloji təzyiq yaradır. Qloballaşmanın təsiri ilə gənclər yeni təəssüratlar qazanır, lakin bu təəssüratların psixoloji təsirləri də qaçınılmaz olur".

 

Müsahib son dövrlərdə ölkədə artan fərqli cinsiyyət identifikasiyalarından da danışıb:

 

"Eyni zamanda, ölkədə fərqli cinsiyyət identifikasiyalarının artması da, qloballaşmanın nəticələrindən biridir. Gənclər Avropa və Amerika ölkələrində bu mövzuların daha geniş qəbul edilməsini örnək alırlar. Əvvəllər cəmiyyətdə belə hallara rast gəlinməməsinin əsas səbəbi isə mentalitetə əsaslanan ayıblanma və tabu idi. İndi isə gənclər bu mövzuları qloballaşmanın təsiri ilə normallaşdırmağa çalışırlar".

 

Nuray Qurbanlı