Həkim-pasiyent münasibətlərində empatiyanın əhəmiyyəti-Yaxşı münasibətlərin müalicə prosesinə təsiri
Bölmə: Sosial › ,Tarix: 22:05 20.12.2024
Həkim-pasiyent münasibətləri tibbi xidmətin keyfiyyətini və müalicənin effektivliyini müəyyən edən ən vacib amillərdən biridir. Bu münasibətlərdə empatiya xüsusilə mühüm rol oynayır, çünki o, xəstənin emosional, psixoloji və bəzən də fiziki vəziyyətinə birbaşa təsir edir. Empatiya yalnız xəstənin hisslərini anlamaq deyil, eyni zamanda onun bu hisslərini qiymətləndirmək və hörmətlə yanaşmaq deməkdir.
Tibb eksperti Şahvələd Məmmədov "informator.az"a açıqlamasında bildirib ki, empatiyanın qorunması həkimlik deontologiyasında həkim-pasiyent münasibətlərində önəmli yer tutur:
“Empatiya həkimlərin apardığı müalicələrin effektivliyinə çox müsbət təsir göstərir. Xüsusilə bəzi xəstələr var ki, onlarla davranışda empatiya təmin edildikdə xəstələrin emosional vəziyyəti də yaxşılaşır. Əksinə, müalicə zamanı pasiyentin həkimə qarşı antipatiyası yaranarsa, həkim düzgün müayinə aparsa belə, müalicənin effektivliyi azalır. Empatiya yalnız xəstənin tibbi vəziyyətini anlamağa deyil, həm də onun insan kimi hisslərinə hörmət etməyə xidmət edir. Sağlam münasibətlər təkcə xəstənin deyil, həm də həkimin peşəkar fəaliyyətinə müsbət təsir göstərir. Empatiyalı yanaşma yalnız peşəkarlıq göstəricisi deyil, həm də insanlığa xidmətin təməlidir”.
Bənövşə Zahidli