Kriminalistika sahəsində inqilabi yenilik- DNT analizi

Bölmə: Sosial › ,
Tarix: 22:08 20.12.2024

DNT analizi cinayətlərin açılmasında, günahsız insanların təqsirsiz olduğunun ortaya çıxarılmasında müstəsna rol oynayır. Bu texnologiyanın tətbiqi, kriminalistika elminin əsaslarını gücləndirərək hüquq-mühafizə orqanlarının işinə yeni səviyyə qazandırır.

 

Bəs DNT analizinin digər kriminalistik metodlardan fərqi nədir?

 

Bu barədə kriminalist Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, DNT analizi cinayətkarlıqla mübarizənin çox nadir hallarda tətbiq edilən növüdür:

 

“Daha çox üzərindən uzun illər keçmiş cinayətlərin açılması, insan qalıqlarının tanınmaz halda olan nümunələrinin identifikasiyasında istifadə olunur. DNT analizinin populyasiya miqrasiyasının öyrənilməsində önəmi var. Çox təəssüf ki, bəzən cinayət yerlərində tapılan DNT nümunələrinin əksəriyyəti zədələnmiş halda olur və bu çətin analiz olan nümunələr kimi təqdim olunduğundan, bəhs edilmiş cinayətin açılmasında çətinliklər yaradır. DNT-nin daha çox bioloji funksiyası var, burada genetik kod vasitəsilə nukleotidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiyanın daşıyıcısı əhəmiyyət kəsb edir. Maraqlı fakt odur ki, DNT insanları bir-birindən ayırma imkanı verir”.

 

Kriminalistin sözlərinə görə, alimlər belə qənaətə gəliblər ki, insan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizdən çoxu bütün insanlar üçün demək olar ki, eynidir:

 

“Günümüzdə DNT xəstəliklərin diaqnostikasında və xəstəliklərin müalicəsi üçün genetik manipuliyasiya texnologiyalarının təhqiqat və təkmilləşdirilməsi üçün istifadə olunur. Geni dəyişmiş, biomüdafiə, məhkəmə və hüquq proseslərinin həll olunması üçün DNT kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə DNT kifayət qədər ehtiyac yaranan analiz növüdür”.

 

Nərmin Həşimova