Rusiya iqtisadiyyatının müharibə dövründəki mübarizəsi
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:56 25.12.2024
Rusiya-Ukrayna müharibəsi başladığı gündən bəri Qərbin tətbiq etdiyi sərt sanksiyalar, ölkənin iqtisadi strukturuna ağır zərbə vurub. Neft və qaz kimi strateji sahələrdə gəlir itkisi, xarici bazarlardan təcrid olunma və beynəlxalq maliyyə institutlarından kənarlaşdırılma Rusiya iqtisadiyyatını ciddi şəkildə dəyişdirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, müharibənin demək olar ki, sonu görünmür:
"Qərb ciddi cəhdlə çalışır ki, müharibə maksimal dərəcədə uzansın. Məqsədlərdən biri iki slavyan dövləti arasında qarşıdurmanın davamlı olması, insan tələfatı və strateji resursların tükənməsidir. Əsas məqsəd isə Rusiyanın zəiflədilməsidir. Çünki biz mətbuatdan və sızan məlumatlardan bilirik ki, Ukraynaya kömək edən ölkələrin sayı artıq 50-i ötüb. Bu, sirr deyil. Hətta indiyə qədər hansı ölkənin nə qədər kömək etdiyi ilə bağlı reytinq cədvəli də mövcuddur. Əlbəttə ki, bu ölkələr Ukraynaya müttəfiqlik dəstəyi göstərirlər. Bununla yanaşı, müəyyən ölkələr tərəfindən Rusiyaya da dəstək verilir. Məsələn, Şimali Koreya ilə strateji tərəfdaşlıq haqqında müqaviləsi var. Onlar Rusiyaya həm canlı qüvvə, həm də silah-sursat, raketlər və digər vasitələr göndərirlər. Eyni ilə Çin və İran da Rusiyaya dəstək verir. Əsas məsələ ondan ibarətdir ki, Rusiya hələ tam gücü ilə müharibəyə qatılmayıb. Birincisi, ölkədə müharibə vəziyyəti elan olunmayıb. Gedib-gəlməkdə heç bir məhdudiyyət yoxdur. Doğrudur, bəzən hava hücumları ilə bağlı xəbərdarlıqlar olur. Bu günlərdə pilotsuz uçuş aparatları artıq Tatarstana qədər gəlib çatıb. Dağıntılar çoxdur, xəsarət alanlar və ölüm halları var. Amma Rusiya resurs imkanlarını tam səfərbər etmir və müharibə şəraiti elan olunmayıb. Bu heç Rusiyaya lazım da deyil. Əgər Rusiya xüsusi əməliyyat adı altında Ukrayna ərazisinə müdaxilə edibsə, bu o deməkdir ki, əsas göstəricilər məhdud xarakter daşıyır. Bu tam səfərbərlik deyil. Ukraynada vəziyyət, əlbəttə ki, Rusiyadan daha gərgindir. Birincisi, Ukraynanın ərazisi Rusiya ilə müqayisədə daha kiçikdir. Digər tərəfdən, demoqrafik resurslar, konsentrasiya bacarığı, strateji imkanlar və s. Bütün bunların həcmi Ukrayna üçün məhdud və yığcam formadadır. Belə başa düşürəm ki, artıq faktiki olaraq Rusiyanın həm siyasi, həm də hərbi komandanlığı anlayır ki, Qərb, xüsusilə ABŞ və Britaniya, müharibənin dayanmasına imkan verməmək üçün böyük səylər göstərir. Bu baxımdan, əlbəttə ki, iqtisadiyyat üzərinə böyük yük düşür. Doğrudur, Rusiyanın rəsmi dairələri gizlətmir ki, onların iqtisadiyyatı daha çox xammalın ixracatı ilə bağlıdır. Enerji resurslarından, yəni neft və qazdan söhbət gedir ki, Rusiya bunları ixrac edir. Hazırda ölkədə "xilasolma proqramı" tətbiq olunur. Məsələn, müxtəlif qida məhsulları, sənaye malları və digər məhsullar əvvəl xaricdən alınırdısa, indi embarqo səbəbindən bunların istehsalı daxildə təşkil edilir. Bu istiqamətdə Rusiya böyük irəliləyiş əldə edib. Burada əsas məsələ texnoloji yeniliklərə çıxışın məhdudlaşdırılmasıdır. Çünki Qərb strateji resurslara və texnoloji komponentlərə sanksiyalar tətbiq edir. Bu embarqonu pozmaq isə çətindir. Doğrudur, Ermənistan kimi ikiüzlü ölkələr Rusiyanın çətinliyindən öz maraqları üçün istifadə edir. Hər halda Rusiya hərbi sənaye kompleksinin inkişafını milli zəmində həll etməyə çalışır. Buna görə də konstruktor büroları, elmi-tədqiqat institutları və digər qurumlar xüsusi rejimdə fəaliyyət göstərirlər. Müharibə tələbatlarını ödəmək üçün yeni texnoloji komponentlər və cihazlar hazırlanır”.
Zəhra Məmmədova