Legioner transferlərində boşluqlar-Ekspert AÇIQLAYIR

Bölmə: İdman › ,
Tarix: 00:11 30.12.2024

"Yerli klublarda legionerlərin seçimi çox zaman sistemsiz, ani qərarlarla həyata keçirilir. Bu, əsasən seleksiya departamentinin olmaması ilə bağlıdır".

 

Bu sözləri "informator.az"a açıqlamasında futbol eksperti Aslan Kərimov söyləyib. Ekspert Azərbaycan klublarının legioner seçimində yol verdikləri səhvlərdən də bəhs edib:

 

"Legioner oyunçuların klublar tərəfindən seçilməsi futbolun idarə olunmasında mühüm bir prosesdir. Bu proses top səviyyəli klublarda sistemli və peşəkar bir yanaşma ilə həyata keçirilir. Komandalar əvvəlcədən texniki direktorlar, seleksiyaçılar və baş məşqçilərin əməkdaşlığı ilə oyunçuların texniki, taktiki, fiziki və psixoloji xarakteristikalarını dəyərləndirir. Müxtəlif mövqelər üçün oyunçuların tipinə uyğun kriteriyalar nəzərə alınır. Məsələn, hücumçu və ya cinah müdafiəçisi mövqeyində üstünlük verilən bacarıqlar fərqli olur. Bu prosesdə oyunçuların zəif və güclü tərəfləri, həmçinin oyun tərzlərinin komandanın oyun sisteminə uyğunluğu diqqətə alınır. Belə yanaşma klubların legionerləri daha effektiv seçməsinə və uğurlu transferlərə nail olmasına kömək edir. Top səviyyəli klublar oyunçu seçərkən onların yalnız texniki bacarıqlarını deyil, həm də sosial davranışlarını, gecə həyatını və komanda daxilində uyğunlaşma potensialını araşdırır. Misal üçün, Bayern Munich gələcəkdə transfer etmək istədiyi oyunçuları bir il öncədən hərtərəfli izləyir. Klublarda seçim prosesi adətən baş məşqçi və onun köməkçilərinin üzərinə düşür. Bununla yanaşı, menecerlərin təklif etdiyi oyunçular çox vaxt sürətli şəkildə klublara satılır. Menecerlərin əsas prioriteti oyunçuların komanda üçün nə dərəcədə faydalı olmasından çox, satışdan maliyyə gəliri əldə etməkdir".

 

 Aslan Kərimovun sözlərinə görə, digər mühüm məsələ legioner transferlərində oyunçuların xarakterinin və komandaya uyğunlaşmasının nəzərə alınmamasıdır:

 

"Azərbaycanda klubların rəhbərliyinin də transferlərə təsir göstərməsi tez-tez rast gəlinən haldır. Rəhbərlik çox zaman baş məşqçinin istəklərini nəzərə almadan şəxsi bəyəndikləri oyunçuları kluba cəlb edir. Bu, legioner transferlərində uğursuzluğa səbəb olan əsas faktorlardan biridir. Digər tərəfdən, bəzi hallarda baş məşqçilər özlərinin maliyyə maraqlarına uyğun olaraq menecerlərlə əməkdaşlıq edir və bundan qazanc əldə edirlər. Bu cür hallar postsovet ölkələrində və Şərqi Avropada geniş yayılmış olsa da, subut etmək çox çətindir. Azərbaycanda oyunçuların transferi adətən qısa müddətli müşahidələr əsasında həyata keçirilir ki, bu da legionerlərin komanda ilə uyğunlaşmasında problemlər yaradır. Halbuki legioner transferlərində peşəkar yanaşma tələb olunur və texniki direktor kimi ixtisaslaşmış şəxslərin iştirakı vacibdir. Bu şəxslər transferlərin məqsədəuyğunluğunu əsaslandırmalı və mövcud vəziyyəti təhlil edərək qərar verməlidir. Legioner limiti məsələsinə gəldikdə isə, bu limitin tamamilə ləğv olunması effektiv olmaya bilər. Legionerlərin çox olması yerli oyunçuların oynamaq şansını azaldır və onların inkişafını məhdudlaşdırır. Buna görə də legioner limitinin artırılması yalnız liqadakı komandaların sayının çoxaldılması ilə səmərəli ola bilər. Əks halda, bu addım Azərbaycan futbolunu irəliyə aparmaq əvəzinə geriyə ata bilər. Nəticə etibarilə, legioner transferləri həm struktur problemləri, həm də subyektiv yanaşmalar səbəbindən Azərbaycanda effektiv həyata keçirilmir. Bunun qarşısını almaq üçün planlı seleksiya proseslərinin qurulması, peşəkar texniki heyətlərin cəlb edilməsi və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması vacibdir".

 

Fatimə Abdulrəhimli