"Tələbələrin imtahanlarda uğurlu olması üçün psixoloji hazırlıq vacibdir"
Bölmə: Sosial › ,Tarix: 19:15 06.01.2025
İmtahanlar demək olar ki, tələbələrin qorxulu yuxularına çevrilib. Və bu da onların gündəlik həyatına mənfi təsirlər göstərir.
Məsələ ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az" saytına açıqlamasında bildirib ki, imtahan zamanı tələbələrin yalnız bilik səviyyəsi deyil, eyni zamanda psixoloji vəziyyətlərinin də yaxşı olması çox vacibdir:
"Çünki psixoloji hazırlıq, imtahan nəticələrinin yüksək olmasına birbaşa təsir göstərir. Əgər tələbə imtahan zamanı həyəcanlanır və ya diqqət əskikliyi yaşayırsa, bu, onun nəticələrinə mənfi təsir edə bilər".
Psixoloqun sözlərinə görə, bəzi tələbələr həyəcan pozuntusundan əziyyət çəkir:
"Onlar üçün hətta müəllimin emosional davranışı belə imtahanın gedişinə mənfi təsir edə bilər. Belə tələbələr çox vaxt imtahanı böyük bir problemə çevirir və imtahan başlamamışdan çox əvvəl özlərini psixoloji cəhətdən yükləyirlər. Bu vəziyyət də nəticələrin aşağı olmasına səbəb olur. Digər tərəfdən, diqqət əskikliyindən əziyyət çəkən tələbələr imtahan zamanı sualları düzgün oxumadıqları və ya detalları gözdən qaçırdıqları üçün aşağı nəticələr əldə edə bilirlər. Bu problemlərin qarşısını almaq üçün tələbələr imtahana həm akademik, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar. Bununla yanaşı, tələbələrin anlaması vacibdir ki, imtahan həyatın məqsədi deyil, sadəcə bilik səviyyəsini ölçən bir vasitədir. Ona görə də, imtahan öncəsi mütləq istirahətə vaxt ayırmaq və displinli bir şəkildə hazırlaşmaq lazımdır. Yaxşı bir planlama və sakit zehniyyətlə imtahanlar daha uğurlu keçə bilər".
Çinarə Tarverdiyeva