Bakıda hibritləşmiş küçələr və mobilliyin transformasiyası
Bölmə: Sosial › ,Tarix: 14:55 16.01.2025
Hazırda Bakıda hibritləşmiş küçələr var və onların düzəldilməsinə ehtiyac duyulur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev “informator.az”a açıqlamasında şəhərdə hibritləşmiş küçələrin formalaşdığını və onların yenidən təşkil edilməsinin vacib olduğunu bildirib:
“Sabit axının təmin edilməsi tıxacların qarşısını almaq üçün əsas şərtlərdəndir. Bu, yanlış manevrlərin azalmasına və zəncirvari tıxac riskinin minimuma endirilməsinə kömək edə bilər. Şəhərətrafı yarım dairəvi yolların tikintisi də şəhərə daxil olan nəqliyyat vasitələrinin sayını azaldacaq. İctimai nəqliyyatın müxtəlif növlərinə investisiyanın artırılması tıxacların qarşısını almaqda əhəmiyyətli rol oynaya bilər. Bu yanaşma daha çox insanı ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək. Uzun müddətli tıxaclar yalnız fərdlərə deyil, şəhər iqtisadiyyatına da ciddi zərər vurur. Çünki hərəkətin daim təmin olunması mütləqdir”.
Ekspert qeyd edib ki, son illərdə Bakıda mobilliyin artırılması məqsədilə mühüm layihələr həyata keçirilib:
“Keçən il ərzində “Mobilliyin transformasiyası” proqramı çərçivəsində 31 küçədə əsaslı təmir aparılıb. Mikromobillik zolaqları və avtobus zolaqları təşkil edilib. Bu işlərin davamı olaraq, bu il 10 yeni metro stansiyasının tikintisi, tramvay xəttinin çəkilməsi və şəhərətrafı elektrik qatarının sərnişin dövriyyəsinin indiki 37 mindən 4-5 dəfə artırılması planlaşdırılır. Bu layihələr icra olunduqca ictimai nəqliyyatla səfər edənlərin sayı artacaq və bu da tıxaclara ciddi alternativ olacaq”.
Rauf Ağamirzəyev həmçinin bildirib ki, Bakıda tıxacların idarə olunmasında yeni texnologiyalardan da istifadə edilir:
“Keçən ildən Bakıda “Rəqəmsal Əkiz" aləti tətbiq olunmağa başlayıb. Yəni, hər hansı işlər həyata keçirilməmişdən əvvəl ciddi təhlillər aparılır və bu təhlillərin nəticəsində yeni transformasiya olunmuş küçələr yaradılır. Bu yanaşma şəhərin mobilliyinin artırılmasında önəmli addımlardan biridir”.
Ekspertin sözlərinə görə, bu tədbirlər nəqliyyat axınını sabitləşdirmək və tıxacların qarşısını almaq üçün gələcəkdə də davam etdirilməlidir.
Asiya Zeynallı