ABŞ-də helikopterlə təyyarə toqquşdu

Bölmə: Hadisə › ,
Tarix: 17:07 30.01.2025

ABŞ-nin paytaxtı Vaşinqton yaxınlığındakı Ronald Reyqan Hava Limanı ərazisində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarə hərbi helikopterlə toqquşaraq Potomak çayına düşüb. İlkin məlumatlara görə, 19 nəfər həlak olub, itkin düşənlər axtarılır. FBI rəsmiləri hadisədən sonra hər hansı bir cinayət və ya terror aktına dair sübut tapılmadığını açıqlayıb.

 

HAVADA TOQQUŞDULAR

 

Federal Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Vaşinqton DC kənarında yerləşən Reyqan Milli Hava Limanı yaxınlığında Potomak çayına düşən sərnişin təyyarəsi eniş zolağına yaxınlaşarkən Sikorsky H-60 helikopteri ilə havada toqquşub.

Kanzasdan havaya qalxan və American Airlines-a məxsus olan təyyarə 5342 saylı uçuşu həyata keçirirdi.

 

TRAMPDAN AÇIQLAMA

 

ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı yazılı açıqlama verərək, qəzaya dair məlumatları yaxından izlədiyini və insanların xilas olması üçün dua etdiyini bildirib. Hadisəyə ilk müdaxilə edənlərə təşəkkür edən Tramp, yeni məlumatlar olduqca bunları paylaşacaqlarını vurğulayıb.

 

TRAMP DİSPETÇER QÜLLƏSİNİ GÜNAHLANDIRDI

 

Tramp son açıqlamasında nəzarət qülləsini günahlandırıb. Truth Social hesabında qəza ilə bağlı paylaşım edən Tramp bunları deyib:

"Təyyarə hava limanına mükəmməl və adi bir eniş trayektoriyasında yaxınlaşırdı. Helikopter uzun müddət ərzində təyyarəyə doğru hərəkət edirdi. Açıq bir gecə idi və təyyarənin işıqları yanırdı. Helikopter niyə yuxarı və ya aşağı hərəkət etmədi, ya da dövr etmədi? Nəzarət qülləsi niyə helikopterə təyyarəni görüb-görmədiyini soruşmaq əvəzinə, nə etməli olduğunu demədi? Bu, qarşısı alınmalı olan pis bir hadisə kimi görünür. Yaxşı deyil!"

 

Mənbə: Haberler 

Aygün Babayeva