Sosial maskalanma və ikili həyat
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4092219_6.jpg)
Tarix: 22:31 07.02.2025
Müasir zamanda insanlar sosial şəbəkələrdə xoşbəxt görünməyə çalışırlar, amma real həyatda bunun tam tərsi özlərini tənha və depressiv hiss edirlər.
Mövzu ilə bağlı klinik psixoloq Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, sosial mediada xoşbəxt üz ifadəsi artıq bir norma halına gəlib:
“İnsanlar paylaşdıqları şəkillərlə daim xoşbəxt görünməyə çalışırlar. Bir fincan qəhvə ilə gülümsəyən şəxs, həyat yoldaşı ilə qucaqlaşaraq foto paylaşan biri və ya bahalı mağazaların qarşısında şəkil çəkdirən gənclər həqiqətən xoşbəxtdirmi? Çox vaxt bu görüntülər sadəcə sosial mediada daha çox bəyənmə və izləyici toplamaq üçün edilir. Xüsusilə gənclər, məşhur blogerlərin üz mimikalarını, həyat tərzini və emosiyalarını kopyalamağa çalışırlar. Onlar sosial şəbəkələrdə paylaşılan xoşbəxt görüntüləri reallıq kimi qəbul edirlər. Ancaq hər insanın həyat təcrübəsi fərqlidir və birinin yaşadığı eyni həyatı digəri yaşaya bilməz”.
Psixoloq gizli depressiyanın, aşkar depressiyadan daha ağır olduğunu qeyd edib və əlavə edib:
“Xoşbəxtlik ifadələri sosial mediada reklam kimi yayıldıqca insanlar şüuraltı olaraq bir-birinin emosiyalarını təqlid edirlər. Bu isə getdikcə gizli depressiyaya səbəb olur. İnsan əslində xoşbəxt deyil, amma özünü xoşbəxt göstərməyə çalışır. Gizli depressiyanın fəsadları açıq depressiyadan daha təhlükəli ola bilər".
Psixoloq eyni zamanda bu vəziyyətdən çıxış yolundan da danışıb:
"Bu vəziyyətdən çıxış yolu insanın öz bacarıqlarını kəşf edib onları inkişaf etdirməsidir. Özünə güvənən insan başqalarının mimikalarına və emosiyalarına deyil, öz daxili dünyasına fokuslanır. Həyatda xoşbəxt olmaq üçün sosial şəbəkələrdəki görüntülərdən deyil, real dəyərlərdən ilham almaq vacibdir".
Mahmud Əskərli