Baş ağrısı hansı hallarda təhlükəlidir?-Nevroloqdan AÇIQLAMA
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/2865703_5.jpg)
Tarix: 11:59 11.02.2025
Baş ağrısı, demək olar ki, hər kəsin həyatında ən azı bir dəfə qarşılaşdığı ümumi sağlamlıq problemlərindən biridir. Bəzən stress, yorğunluq və ya susuzluq kimi sadə səbəblərdən yaranır, bəzən isə ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Mövzu ilə bağlı Sevinc Məmmədova "informator.az"a açıqlamasında bildirib ki, baş ağrısı müxtəlif səbəblərdən yarana bilər və onun xarakteri, şiddəti və davametmə müddəti səbəbə görə dəyişə bilər:
"Gərginlik baş ağrısı adətən stress əzələ gərginliyi yorğunluq və psixoloji faktorlarla bağlı yaranır. Migren güclü nəbz vuran və bəzən ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunan baş ağrısıdır. Klaster baş ağrıları göz ətrafında şiddətli ağrı ilə xarakterizə olunan nadir, lakin intensiv baş ağrısı növüdür. Sinusit və allergiyalar isə sinusların iltihabı və ya allergik reaksiyalar nəticəsində yaranan baş ağrılarıdır. Uzun müddət ac qalmaq və ya kifayət qədər su içməmək baş ağrısına səbəb ola bilər. Hormonal dəyişikliklər xüsusilə qadınlarda menstrual dövr, hamiləlik və ya menopauza dövründə hormonal dəyişikliklər baş ağrısına gətirib çıxaran səbəblərdəndir. Hipertoniya, yəni yüksək qan təzyiqi beyin damarlarına təsir edərək baş ağrısını yarada bilər. Kəllə-beyin travmaları baş ağrısına səbəb ola bilər və həmçinin ciddi tibbi müdaxilə tələb edə bilər. Beyin şişləri və nevroloji xəstəliklər nadir hallarda,lakin davamlı və şiddətli baş ağrıları beyin şişi və ya digər nevroloji problemlərlə bağlı ola bilər".
Nevroloq baş ağrılarının hansı hallarda ciddi xəstəliyin əlaməti ola biləcəyindən də danışıb:
"Birdən və çox şiddətli başlayan baş ağrısı sanki ildırım vurmuş kimi bir ağrı subaraknoid qanaxmanın əlaməti ola bilər. Baş ağrısı ilə yanaşı qollarda və ya ayaqlarda zəiflik, danışıq çətinliyi, görmə pozulması iflic və ya insult əlaməti ola bilər. Gecələr və ya səhərlər şiddətlənən baş ağrısı ürəkbulanma və qusma ilə müşayiət olunursa, beyin şişi və ya yüksək kəllədaxili təzyiqin göstəricisi ola bilər. Qızdırma sərt boyun və şüur bulanıqlığı ilə müşayiət olunan baş ağrısı meninqit və ya ensefalitin əlaməti ola bilər. Travmadan sonra başlayan və getdikcə şiddətlənən baş ağrısı beyin qanaması və ya digər ciddi problemlər ola bilər. Xroniki və ya getdikcə pisləşən baş ağrıları müxtəlif nevroloji və damar problemlərinin göstəricisi ola bilər".
Sevinc Məmmədova həmçinin baş ağrısını azaltmaq üçün dərmansız üsulları da qeyd edib.Onun sözlərinə görə əsasən yuxu rejiminə diqqət etmək lazımdır. Yuxu çatışmazlığı və ya artıq yuxu baş ağrısına səbəb ola bilər:
"Bununla yanaşı susuzluqdan yaranan baş ağrısının qarşısını almaq üçün gündə kifayət qədər su içmək vacibdir. Stresslə bağlı baş ağrılarını azaltmaq üçün meditasiya, nəfəs məşqləri, yoga və ya rahatladıcı musiqilər faydalı ola bilər. Boyun, çiyin və baş nahiyəsinə edilən yüngül masaj qan dövranını yaxşılaşdıraraq baş ağrısını aradan qaldırmağa kömək edir.
Mütəmadi yüngül idman məşqləri qan dövranını artıraraq baş ağrısını azalda bilər. Bitki çayları da bu prosesə kömək edir. Xüsusilə nanə, zəncəfil, çobanyastığı və lavanda çayları baş ağrısını yüngülləşdirməyə kömək edir. Həmçinin lavanda, nanə və ya evkalipt yağı ilə inhalyasiya etmək və ya gicgah nahiyəsinə sürtmək rahatlaşdırıcı təsir göstərir. Baş ağrıları zamanı alına və ya boyuna tətbiq edilən soyuq və ya isti kompres baş ağrısının azalmasına kömək edə bilər.
Əgər baş ağrısı tez-tez təkrarlanırsa və yuxarıda qeyd olunan ciddi əlamətlərlə müşayiət olunursa nevroloqa müraciət etmək tövsiyə olunur".
Elnurə Kərimova