Cütlük aldıqları villanı geri qaytara biləcək

Bölmə: Hadisə › ,
Tarix: 21:51 11.02.2025

İya Patarkatsişvili və Yevhen Hunyak, Londonda 32,5 milyon funt sterlinqə aldıqları malikanənin güvə istilasına məruz qaldığını öyrəndikdən sonra məhkəməyə müraciət ediblər. Ali Məhkəmə, əvvəlki sahibi Uilyam Vudvard-Fişerin bu barədə məlumat vermədiyini əsas gətirərək, cütlüyə ödənişin böyük hissəsinin qaytarılmasına qərar verib.

 

Cütlük 2019-cu ildə Ladbrok Qrovdakı Horberi Villasında güvələri şərab qədəhlərində, diş fırçalarında və paltarlarında tapıb. Məhkəmə Vudvard-Fişerin "saxtakarlıqla yanlış məlumat verdiyini" bildirib, çünki satıcı öncədən bu problem barədə iki hesabat alıb. Hakim Fankort qərara alıb ki, cütlük orada yaşadığı illəri nəzərə alaraq, ödədikləri məbləğin bir hissəsini geri alacaq. Onlara həmçinin əmlak vergisi, güvə problemini həll etmə xərcləri və 15 min funt sterlinq dəyərində zədələnmiş geyimlər üçün kompensasiya ödəniləcək.

 

İya Patarkatsişvili Gürcüstanın mərhum milyarderi Badri Patarkatsişvilinin qızıdır. Onun ailəsinin 2012-ci ildə təxminən 2,4 milyard funt sterlinq sərvətə sahib olduğu bildirilirdi. Dr. Hunyak isə Londonda xüsusi uşaq stomatoloji qrupunun təsisçisidir.

 

BBC News
Aydan Quliyeva