Qan Azlığı Müxtəlif Xəstəliklərin Əlaməti Kimi

Tarix: 21:04 13.02.2025
Qan azlığı (anemiya) dünya üzrə milyonlarla insanı təsir edən bir vəziyyətdir və təkcə yorğunluq, halsızlıq kimi simptomlarla məhdudlaşmır. Bədənin hansı problemlərdən xəbər verdiyini anlamadan onu sadəcə müvəqqəti yorğunluq kimi qəbul etmək risklidir.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, qan azlığı "anemiya" termini ilə adlandırılıb, lakin bu termin qan azlığını tam əhatə etmir:
"Anemiya sözünün mənası qanın ümumiyyətlə olmaması deməkdir. Buna baxmayaraq, hazırda bu termin tibb sahəsində qan azlığını ifadə etmək üçün qəbul olunub. Qeyd etmək lazımdır ki, qan azlığı dedikdə əsasən hemoqlobinin miqdarının aşağı olması, eyni zamanda eritrositlərin sayının azalması nəzərdə tutulur.
Bu vəziyyət müxtəlif xəstəliklər zamanı yarana bilər. Hemoqlobin azlığı xüsusilə hemoqlobinopatiyalar zamanı daha çox yayılır. Bu hallara talassemiya daşıyıcılığı və talassemiya xəstəliyi daxildir. Bundan əlavə, dəmir çatışmazlığı anemiyası, sideroblastik anemiyalar, meqaloblastik anemiyalar, həmçinin fol turşusu və B12 vitamini çatışmazlığına bağlı anemiyalar da mövcuddur.
Hər bir anemiya növünün səbəbi araşdırılmalı və müalicə uyğun şəkildə aparılmalıdır. Anemiyalar birbaşa və ya dolayı yolla yarana bilər. Həmçinin qan azlığına səbəb olan talassemiya daşıyıcılığı nikahdan əvvəl yoxlanılır. Bu, xəstə uşaqların doğulmasının qarşısını almaq üçün vacib addımdır. Valideynlər bunun sayəsində məlumatlanır və xəstə uşaq doğulmaması üçün tədbirlər görürlər.
Bundan başqa, insanın həyatı boyu müxtəlif metabolik və digər xəstəliklər səbəbindən qan azlığı yarana bilər. Bunun qarşısını almaq üçün mütləq həkimə müraciət edilməli, səbəb araşdırılmalı və müvafiq tədbirlər görülməlidir."
Elnurə Kərimova