MİMTA fondunun 20 illik yolu

Tarix: 17:50 13.02.2025
Bir milləti digərlərindən fərqləndirən onun keçmişi, milli-mənəvi dəyərlərləridir. Bu gün cəmiyyətimiz inkişaf edir, müasirləşir, dünyaya inteqrasiya edir. Dünyanın müxtəlif ölkələrində olan yenilikləri təbliğ etmək, müasirləşmək, həqiqətən də, gözəl addımdır, lakin bütün bunlarla yanaşı, milli-mənəvi dəyərlərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdə millətini sevən hər bir vətəndaşın çiyinlərinə böyük yük düşür. Bu bir həqiqətdir ki, milli-mənəvi dəyərləri günümüzdə ümumbəşəri dəyərlərdən ayrı təsəvvür etmək çətindir. Ona görə də mədəni tərbiyə formatında milli-mənəvi dəyərlərdən bəhrələnməyə ciddi fikir verilməlidir.
Bu istiqamətdə fəaliyyət göstərən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq, təbliğ etmək, keçmişi gələcəyə aparmaqla müasir nəsillərə keçmişdən bu günə uzanan inkişaf yolunu göstərmək amalı ilə yola çıxıb. Bu il 20 yaşını qeyd edən bu qurumun hər bir nümayəndəsinə nəzər yetirdikdə onların atdığı mötəbər addımların gənc nəsillərin intellektual və mənəvi inkişafının təmin edilməsində ictimai fəallığın artırılmasını, onların sosial-məişət və məşğulluq problemlərini diqqət mərkəzində saxlanmasının Fondun hər bir əməkdaşı üçün bir növ vicdani borc missiyasına çevrildiyini görürük.
Öz ənənəsinə sadiq qalan Fond bir çox yeniliklərə imza atıb. Əli bəy Hüseynzadə irsinin mirası olan “Füyuzat” jurnalını və Şərqin ilk qadın mətbu orqanı olan“İşıq” qəzetini jurnal formatında bərpa edərək 100 il sonra gələcək nəsillərə keçmişdən bir miras olmaqla, klassikanı və müasirliyi özündə birləşdirərək cəmiyyətimiz üçün təqdim etdi. Əməkdaşlar eyni zamanda nəşriyyatla bağlı MİMTA Yayımları, media ilə bağlı “FÜYUZAT tv”, “mimta.az”, “fuyuzat.az” vebsaytı, foto-video xidmətləri həyata keçirən Elegant Media kimi şöbələrində də fəaliyyət göstərirlər.
Bütün bunlarla yanaşı, atılan ən gözəl addımlardan biri də müstəqil, qarşılıqlı layihələrin də həyata keçirilməsidir ki, yarandığı gündən bu günədək Fond missiyasını bu yolda davam etdirir. Bir sıra məktəb və universitetlərdə təhsil, mədəniyyət, sosial sahələrdə çoxsaylı tədbir, seminar və müsabiqələrin təşkil olunmasını buna misal göstərə bilərik.
Eləcə də MİMTA Fondu Bakı Dövlət Universiteti ilə də əlaqələrini daim isti saxlayır, qarşılıqlı münasibətlər qurur. “Füyuzat” jurnalının 110 yaşı, “İşıq” qadın jurnalının 105 yaşı Bakı Dövlət Universitetində respublika səviyyəli konfrans müsabiqə formatında keçirib. Bu tədbirlərin keçirilməsi, tələbə-müəllim heyətinin Fondu bir ailə kimi qəbul etməsi bir daha onları bura bağlayır, azərbaycançılıq ənənlərinin daha da möhkəmlənməsinə zəmin yaradır. Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Media Mərkəzi”nin açılmasının məqsədi də xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, inkişaf etdirmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərməklə qurumun Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində səmərəli fəaliyyətini göstərir. Mərkəzdə Fond tərəfindən keçirilən dizayn dərsləri, yazıçılarla görüş, tələbələrin Fonda dəvət olunması, onları həvəsləndirici – media işlərinə, jurnalist fəaliyyətinə, tərcümə, redaktə, dizayn işlərinə cəlb edilməsi gözəl hadisədir. Tələbə və magistrantlarının MİMTA-da təcrübə keçməsi və işə cəlb olunması məsələləri də əməkdaşlar tərəfindən diqqətdə saxlanılır. “Füyuzat Media Mərkəzi”nin fəaliyyət planına Azərbaycan mətbuatı tarixinin öyrənilməsi və tanıtımı, maarifləndirici tədbirlərin, BDU müəllimlərinin mühazirələrinin, görüşlərinin təşkili, MİMTA Fondu əməkdaşlarının müxtəlif mövzular üzrə təlimlərinin keçirilməsi, onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələrin görüşlərinin keçirilməsi də aiddir.
Qeyd edək ki, MİMTA Fondu layihələrini təkcə Jurnalistika fakültəsi ilə deyil, universitetin diğər fakültələri ilə də davam etdirir. BDU əməkdaşlarının Fondla əlaqəsinə burada nəşr edilən jurnallar, sayt, tv və nəşriyyatla əlaqələrini də qeyd etmək olar. Qarşıya qoyulan missiya milli-mənəvi dəyərlərin araşdırılması, təbliği, istedadlı gənclərin aşkara çıxarılması və onların yaradıcılıq inkişafına qayğı, Azərbaycanın xarici ölkələrdə tanınması, təhsil, səhiyyə, mədəniyyət, sosial sahədə xeyriyyə tədbirlərinin həyata keçirilməsi, imkansız ailələrə və ahıl ziyalılara, əlil və veteranlara mənəvi və maddi yardım, xarici ölkələrdə irsimizi, milli mədəniyyətimizi, tariximizi əks etdirən sərgilərin, elmi konfransların təşkil edilməsi istiqamətində müəyyən dərəcədə işlər görülüb. Fondun Azərbaycan gəncləri qarşısında edəcəyi işlər bununla yekunlaşmır və növbəti illərdə bu tədbirlərin daha da çoxalacağı, əməkdaşlıq çərçivəsinin genişlənəcəyini ümid edirik.
Afaq Sadıqova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi