Azərbaycan Respublikası Audiovizual Şurasının sədrinin brifinqi keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 15:54 14.02.2025

14 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun brifinqi keçirilib. Brifinqdə ölkənin 30-dan artıq televiziya, radio, informasiya agentlikləri və xəbər saytlarının nümayəndələri iştirak ediblər.

 

Brifinq zamanı Audiovizual Şuranın sədri jurnalistlərə 2024-cü ilin hesabat xarakterli məlumatlarını çatdırıb, keçən il ərzində icra edilən işlərdən və 2025-ci ildə planlaşdırılan fəaliyyətdən bəhs edib.

İsmət Səttarov ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" müvafiq Sərəncamına uyğun olaraq görülən işlər barədə, o cümlədən mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması istiqamətində atılmış addımlardan danışıb.

 

Daha sonra ölkəmizdə televiziya və radio yayımının tənzimlənməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət metodunun tətbiq edildiyini, bu istiqamətdə addımlar atıldığını, növbəti illərdə də həmin işlərin genişləndiriləcəyini diqqətə çatdırıb.

İsmət Səttarov Audiovizual Şuranın vətəndaş şikayətlərini cavablandırılması, aparılan monitorinq və alınan şikayətlər əsasında həyata keçirilən hüquqi tədbirlərdən, Azərbaycan televiziyasının maliyyə çətinliklərindən, dövlətin audiovizual yayımçılara göstərdiyi dəstəkdən, dövlət sifarişi əsasında proqramların istehsalı ilə bağlı Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birgə keçirdiyi müsabiqə və onun müsbət nəticələrindən, ümumölkə statuslu kanalların proqramlarının janr bölgüsündən, 2024-cü il ərzində yayımlanan sosial çarxlardan, milli seriallar və cizgi filmlərinin yayımı sahəsində mövcud vəziyyətdən, əlilliyi olan şəxslərin televiziyadan istifadə imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.

 

Brifinq zamanı Şura sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.