Yeniyetməlik dövründə aqressiyanın səbəbləri

Bölmə: Maraqlı › ,
Tarix: 20:41 18.02.2025

 

 

Uşaqlar yeniyetməlik dövrünə qədəm qoyduqda onlarda tez-tez əsəbilik və aqressiv davranış müşahidə olunur. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri gənclərin özlərini daha ağıllı hesab etmələri və valideynləri ilə anlaşmaqda çətinlik çəkmələridir. Nəticədə ailədaxili münasibətlərdə problemlər yarana bilər.

 

Mövzu ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, yeniyetməlik elə bir dövrdür ki, burada müəyyən hormonlar yeniyetmələrin hipofiz vəzinə təsir edir və nəticədə onlar ay ərzində, hətta həftələr və gün ərzində müxtəlif əhval-ruhiyyədə olurlar:

 

"Təbii ki, yeniyetmələr bu dövrü ilk dəfə yaşayırlar və bəzi şeylərin fərqində olmurlar. Stil, moda və ətraf aləmdən asılı olmağa başlayırlar. Ətraf aləmin fikri onlar üçün daha önəmlidir və ən çox da ətraf aləmin gözündə necə bir şəxsiyyət kimi göründükləri onlar üçün çox əhəmiyyətlidir.

Bəs yeniyetmələrdə aqressiya nədən yaranır? Əgər evdə yeniyetmə hələ də uşaq yerinə qoyulursa, sərhədləri tanınmırsa, məsələn, geyiminə həddən artıq irad tutulursa, şəxsiyyətinə toxunan sözlər deyilirsə və ya daim nəzarət altında saxlanırsa, bu hallar onun aqressiv davranış sərgiləməsinə səbəb ola bilər. Əsəbilik və aqressiv davranışlar ən çox evdəki münasibətdən qaynaqlanır.

Bəzən məktəbdə pedaqoqlar nəzərə almırlar ki, yeniyetmə dərsi pozsa belə, hər kəsin içində ona istənilən söz deyilə bilməz. Əgər şəxsiyyətini alçaldan sözlər deyilərsə, o, təbii olaraq aqressiv davranacaq. Bu zaman yeniyetmə müəllimə qarşı çıxacaq, sinifdə öz məğlubiyyətini göstərməmək üçün daha aqressiv davranışlar sərgiləyəcək və eyni zamanda müəllimi incitmək üçün onun şəxsiyyətinə təsir edəcək hərəkətlər edə bilər.

Ona görə də yeniyetmələrlə ünsiyyətimizə diqqət etməliyik. Onlara bir şəxsiyyət kimi yanaşmalı, fikirlərinə önəm verməli, qərarlarını bizimlə müzakirə etmələrinə şərait yaratmalıyıq. Əgər biz onları çox mühakimə etsək, əsəbləri gərginləşəcək və aqressivlikləri artacaq, nəticədə bizimlə normal ünsiyyət qura bilməyəcəklər.

Unutmayaq ki, yeniyetmələr bu dövrü indi yaşayırlar. Amma biz artıq onların yeniyetməlik dövrünə qədərki mərhələni yaşamışıq. Buna görə də daha təcrübəliyik, çünki yeniyetməliyi artıq keçmişik. İndiki yeniyetmələr isə bu dövrü indi yaşayırlar".

 

Psixoloqun sözlərinə görə, bir yeniyetmə ilə düzgün ünsiyyət qurmağın əsas yolu onun sərhədlərini tanımaq, sərhədlərinə hörmət etmək və fikirlərini nəzərə almaqdır.

 

Elnurə Kərimova