"Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür"

Tarix: 21:50 20.02.2025
20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi haker hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir.
"Ölkəmizin informasiya təhlükəsizliyinə yönələn bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlərin yayması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır. Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq”, - açıqlamada qeyd olunub.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında media nümayəndəsi Əfsələddin Ağalarov bildirib ki, Azərbaycan öz suveren ərazilərini bərpa etdikdən sonra zaman-zaman müxtəlif ölkələrin maliyyələşdirdiyi qurumların media sahəsinə hücumları başladı:
"Xüsusən bu hücumların əsas məqsədi Azərbaycanın xarici siyasət trayektoriyasında dəyişiklik etmək idi. Bunun üçün ən çox onlar medianın gücündən istifadə edirlər. Onlar Azərbaycandakı nüfuzlu şəxslərin adından çirkli informasiya yayırlar.
20 fevral tarixində hücumun baş verməsi məhz dediyimiz addımların bir parçasıdır. Biz müxtəlif tribunalarda, debatlarda informasiya təhlükəsizliyi məsələsini gündəmə gətiririk. İnformasiya təhlükəsizliyi xüsusən də Azərbaycan üçün çox önəmlidir. KİV-in təhlükəsizliyini təmin edərkən bəzi problemlər ortaya çıxa bilir. Əslində heç bir KİV kiber hücumdan tamamilə mühafizə oluna bilməz. Bunun nisbətən qarşısını almaq mümkündür".
Müsahibimizin sözlərinə görə, burada ən önəmli məsələ milli server mərkəzinin fəaliyyətə başlamasıdır:
" İnformasiya saytlarımızın böyük əksəriyyəti xaricdə olan serverlər vasitəsilə fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi çox vacibdir. Bizim üçün informasiya cəbhəsində müdafiə olunmaq çox önəmlidir.
Vətəndaşların bu hadisələr zamanı edə biləcəyi xüsusi bir hal yoxdur. Vətəndaşın media savadlılığı kifayət qədərdirsə, məlumat əldə etdiyi resursdan onun doğru və ya yanlış olduğunu biləcək. Bəzən kiber dəstələr ələ keçirdikləri informasiya resurslarında öz istədikləri informasiyanı yayımlayır. Bununla da öz "çirkli" əməllərini icra etmiş olurlar. Dezinformasiya yayılarkən media savadlılığı olan şəxs həmin an baş verən hadisələrin doğru olmadığını anlayır. Bu mövzu gələcək illərdə də öz aktuallığını qorumalıdır".
Aygün Babayeva