Süni intellektdə gizli profilləmə təhlükə yaradır

Tarix: 15:34 10.07.2025
Son dövrlərdə ChatGPT-nin istifadəçilərin siyasi və dini baxışlarını etiketləyərək gizli profillər yaratdığı iddiaları narahatlıq doğurub. Mütəxəssislər, bu prosesin məxfiliyi və təhlükəsizliyi pozduğunu bildirir.
Məlumat mühəndisi Emre Durgut, süni intellektin yalnız texniki deyil, hüquqi və ictimai məsuliyyət daşıdığını deyib. Onun fikrincə, istifadəçilərdən toplanan məlumatların etiketlənərək profilə çevrilməsi, açıq razılıq olmadan həyata keçirilirsə, bu ciddi qanun pozuntusudur. Bu hal Avropa GDPR və Türkiyə KVKK qanunlarını da pozur.
Durgut, məlumatların necə istifadə edildiyini anlamayan istifadəçilərin, sistemin verdiyi cavablardan dolayı ayrı-seçkiliyə məruz qala biləcəyini vurğulayıb. Məlumatların sızması isə şantaj, dələduzluq və milli təhlükəsizlik riski yarada bilər.
Durgut həm istifadəçiləri, həm də texnologiya şirkətlərini məsuliyyətli davranmağa çağırıb: Şirkətlər şəffaflıq, müstəqil nəzarət və istifadəçilərə məlumatlarına nəzarət imkanları təqdim etməlidirlər. İstifadəçilər isə həssas məlumatları paylaşmaqdan çəkinməlidirlər.
Anadolu Agentiyi
Billurə Quliyeva