Saxta xəbərlərdən qorunmaq üçün media savadlılığının artırılması vacib şərtdir-AÇIQLAMA

Bölmə: MEDİA › ,
Tarix: 23:20 21.02.2025

Saxta xəbərlərdən qorunmaq üçün media savadlılığının artırılması vacib şərtdir.

 

Bu fikirləri “İnformator.az”a açıqlamasında "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. Onun sözlərinə görə, mənbənin dəqiqliyi müəyyən edilməlidir:

“Mənbənin etibarlılığına diqqət edilməsi olduqca vacib nüansdır. Məlumatın dövlət qurumu, hər hansı təşkilat, yaxud nüfuzlu media qurumu tərəfindən paylaşılması öncədən müəyyən edilməlidir. Bir sıra domenlər - .az, .info, .com və s. ilə paylaşılan xəbərlər daha etibarlı hesab edilir”.

 

M.Göyüşlü xəbər başlıqlarına diqqət yetirmənin də vacibliyini ön plana çəkib:

“Xəbər başlıqlarına diqqət olunmalıdır. Paylaşılan xəbərdə şəkil və videolar öncədən yoxlanılmalıdır. Xəbər yalnız bir saytda paylaşıldıqda şübhə yaradır. İnandırıcı olması üçün həmin informasiyanın bir neçə saytda yer alması lazımdır”.

 

Şərhçinin sözlərinə görə, yalan məlumat yayan şəxslər cinayət məsuliyyəti daşıyırlar:

“Bu müəyyən müddətə həbs və cərimələr ola bilər. Hansısa media qurumu bilərəkdən saxta xəbər paylaşarsa, məhkəmə tərəfindən daha sərt qərarlar qəbul oluna bilər. Həmçinin, media qurumunun fəaliyyətinin dayandırılması da mümkündür”.

 

Ekspert təhlükəli və saxta məlumatların sosial şəbəkələrdə daha geniş vüsət aldığını bildirib:

“Əsasən, sosial şəbəkələrdə təhlükəli və saxta məlumatlar yayılır. Bu cür halları tam olaraq aradan qaldırmaq olmasa da, məhdudlaşdırmaq mümkündür. Saxta məlumat yayan sosial şəbəkələrə, saytlara qarşı sərt nəzarət mexanizmləri tətbiq olunur”.

 

M.Göyüşlü son olaraq qeyd edib ki, rəsmi mənbələr hər zaman etibarlıdır.

“Saxta xəbərlərdən qorunmaq üçün media savadlılığını artırmaq vacib şərtdir”, - deyə ekspert yekunlaşdırıb.

 

Aysel Babayeva