Virtual dünya-Uşaqlar üçün imkan, yoxsa təhlükə?

Bölmə: MEDİA › ,
Tarix: 22:27 27.02.2025

Media, informasiya-kommunikasiya texnologiyaları uşaqların həyatında mühüm rol oynayır.


Bu fikirləri "İnformator.az"a açıqlamasında hüquqşünas Ləman Bayramova bildirib:
“Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquqları əsas insan hüquqları kontekstində qorunur. Yüksək texnologiyaların inkişafı və ölkənin qlobal informasiya məkanına açıq olması uşaqların internetdə qeyri-qanuni məzmuna qarşı həssaslığını artırıb”.


Hüquqşünasın sözlərinə görə, virtual dünya uşaqlara geniş imkanlar yaratmaqla yanaşı, müəyyən təhlükələr də törədə bilər:
“Yeniyetmələr üçün zərərli məzmun daşıyan çoxsaylı saytlar yaş məhdudiyyəti olmadan açıqdır. Bu baxımdan Azərbaycan Respublikasında uşaqların informasiya əldə etmək və eyni zamanda mənfi təsirlərdən qorunmaq hüququ “Uşaq hüquqları haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, dövlət orqanları, fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı və onların hüquqlarının qorunmasına şərait yaratmalıdırlar”.


L.Bayramova əlavə edib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun uşaqlara psixoloji və mənəvi zərər vura biləcək informasiyanın yayılmasının qarşısını almağa yönəlib:
“Bu qanuna əsasən, azyaşlıların informasiya əldə etmək və ondan istifadə etmək hüququ dövlət tərəfindən tənzimlənir. Eyni zamanda, “Reklam haqqında” Qanun uşaqlara yönəlmiş reklamların etik və hüquqi tələblərə uyğun olmasını təmin edir”.


Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası tərəfdar olduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinə əsasən, dövlətlər medianın mühüm rolunu tanımalı və uşaqların informasiya və materiallara çıxışını təmin etməyə sadiq olmalıdırlar:
“Bu maddədə medianın uşaqların hüquqlarının qorunmasındakı rolu və ifadə azadlığı ilə bağlılığı xüsusi vurğulanır. Konvensiya uşaqların öz fikrini sərbəst ifadə etmək hüququnu təsbit edir. Bu hüquq çərçivəsində uşaqlar istənilən növ məlumat və ideyanı sərhədlərdən asılı olmayaraq axtarmaq, şifahi, yazılı və ya çap şəklində, sənət əsərləri və ya digər vasitələrlə əldə etmək və ötürmək azadlığına malikdirlər”.


Ləman Bayramova vurğulayıb ki, bu gün media və informasiya-kommunikasiya texnologiyaları uşaqların həyatında mühüm rol oynayır:
“Uşaqlar hər gün saatlarla televizora baxır, internetdə getdikcə daha çox vaxt keçirirlər. Onlar onlayn ünsiyyət qurmaq, bloq yazmaq, musiqi dinləmək, şəkillərini paylaşmaq üçün interaktiv vasitələrdən istifadə edirlər. Lakin böyüklərlə uşaqlar arasında informasiya savadlılığı baxımından ciddi fərqlər mövcuddur. Böyüklərin əksəriyyəti uşaqlarının onlayn fəaliyyətləri barədə yetərli məlumata malik deyillər".


Onun sözlərinə görə, mediada uşaqların müdafiəsi üçün müvafiq prinsiplər formalaşdırılmalıdır:
“Lakin bu prinsiplər yalnız qadağalarla məhdudlaşmamalıdır. Onlar uşaqlar üçün maraqlı və əlçatan informasiya məkanının yaradılması, gənc nəslin keyfiyyətli informasiya məhsullarından istifadə etməyə öyrədilməsi və həvəsləndirilməsi kimi aspektləri də əhatə etməlidir".


Ləman Bayramova sonda əlavə edib:
“İnformasiya resurslarının uşaqların sağlamlığı, inkişafı və tərbiyəsinə təsiri ilə bağlı müəyyən tədbirlər həyata keçirilsə də, müasir texnologiyaların sürətli inkişafı fonunda bu tədbirlər hələ də yetərli deyil”, - deyə o, yekunlaşdırıb.


Aysel Mübarizqızı