2025-ci ilin İlk Ayında Azərbaycanda Qiymət Sürəti: İnflyasiya 5,4% Artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:43 04.03.2025

2025-ci ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Bu artım qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 8,4 faiz təşkil edib.

 

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli "informator.az"a açıqlamasında bildirib ki, il ərzində istehlak məhsullarının qiyməti daha çox artıb amma çox təəssüf ki, ölkəmizdə qiymət artımının , inflyasiyanın ölçülməsi prosesi inkişaf etməyib:

 

"Bu səbəbdən inflyasiya ilə bağlı tam dəqiq rəqəm söyləmək mümkün deyil. Amma artımın göstərilən faizlərdən daha çox olduğu müşahidə edilir. Artım faizi əvvəlki illərlə müqayisədə yalnız ərzaq məhsullarında deyil həm də digər sahələrdə də görünür. Artımın səbəbi isə inhisarçı rəqabət bazarında inhisarçıların öz mənfəətini artırmaqdan ötrü qiymət artımını hədəfliyirlər.Qiymətlərin süni artırılması əgər idxal olunan məhsulların əsas təchizatçıları azdırsa, onlar qiymətləri öz maraqlarına uyğun olaraq daha çox yüksəldə bilərlər. Rəqabətin az olduğu bazarda istehlakçılar daha baha qiymətə məhsul almağa məcbur olurlar.Rəqabət bazarında inkişaf getsə də inhisarçı bazarda bu inkişaf zəifdir. İnhisarçı bazar şəraitində idxal inflyasiyasının təsiri daha güclü olur, çünki bazarda rəqabət olmadıqda qiymət artımı daha kəskin hiss olunur. Rəqabətin artırılması və dövlət nəzarətinin gücləndirilməsi idxal inflyasiyasının təsirini azalda bilər. İdxal inflyasiyası Azərbaycan iqtisadiyyatına mühüm təsir göstərir.

 

Məryəm Zaliyeva