Çərşənbə günü: Qədim inancların izləri

Tarix: 21:32 06.03.2025
Əski görüşlərin tarixi mənası, qədim dövrlərdə insanların dünya və təbiət haqqında bildiklərini özündə əks etdirən mifik görüşlərdir. Bu görüşlər, insanlar üçün həyat yolunun istiqamətverici mayak rolunu oynayıb və onların həyatında əhəmiyyətli yer tutub.
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev "informator.az"a bildirib ki, ibtidai cəmiyyətdə hər bir xalqda olduğu kimi, bizim xalqda da əski görüşlər və dünyagörüşləri formalaşıb:
"Bu dünyagörüşləri, insanlar üçün bir növ həyat devizi olub, eyni zamanda onlar təbiət hadisələrini müşahidə edərək bu hadisələrdən mənalar çıxarmağa çalışıblar. Təbiətə dair müşahidələr əsasında, həmçinin həftənin günlərinə uyğun inanclar yaranıb".
Dosent, çərşənbə günlərinin xüsusi mənası və təcrübələri haqqında da danışıb:
"Qədim zamanlardan bəri çərşənbənin xüsusi əhəmiyyəti olduğu görünür. Məsələn, Aşıq Ələsgərin
Çərşənbə günündə,çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü
misrası, çərşənbə gününün özünəxas bir mistik və mənəvi gücü olduğunu göstərir. Aşıq Ələsgər, ürəyində tutduğu arzuların məhz çərşənbə günü reallaşacağına inanırdı. Bu, çərşənbənin qədim mifik və astronomik mənalarına işarə edir. Çərşənbə günü ilə bağlı xalq təfəkküründə belə bir deyim də var: "Şənbə günü ağır gündür, amma çərşənbə ondan da ağır gündür”. Bu deyim, çərşənbənin sınaq və çətinliklərlə əlaqəli olduğu və planetlərin düzümünə dair bir inanclı təfəkkürün əksidir".
"Çərşənbə bayramları, xüsusilə Novruz bayramı ərəfəsində qeyd olunan ilaxır çərşənbələr, xalqın astronomik və dini inanclarına əsaslanaraq formalaşıb. Həftənin ən ağır günləri olaraq qəbul edilən bu çərşənbələr, ilin sonu və yeni ilin başlanğıcı ilə əlaqələndirilir və xalqın təfəkküründə xüsusi yer tutur".
Çinarə Tarverdiyeva