Türk dövlətləri və avropa arasında yeni səhnə

Bölmə: Siyasət › ,
Tarix: 23:55 16.04.2025

3 aprel 2025-ci il tarixində keçirilmiş Avropa İttifaqı–Mərkəzi Asiya Zirvəsi son dövrlərdə Bakı və Ankarada suallar doğuran proseslərin mərkəzinə çevrilib. Bu görüşdə qəbul edilən ortaq bəyannamə təkcə region üçün deyil, həm də türk dövlətləri arasında münasibətlərə müəyyən çalarlar gətirib. Müzakirələrin əsas mövzusu isə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) münasibət, enerji siyasəti və yeni investisiya marşrutlarıdır.

 

Aİ–Mərkəzi Asiya Zirvəsinin nəticələri, ŞKTC ilə bağlı türk dövlətləri arasındakı diplomatik gərginlik və Transxəzər Dəhlizi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı regiona necə təsir göstərir?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "informator.az"a bildirib ki, 3 aprel tarixində keçirilmiş Aİ–Mərkəzi Asiya Zirvəsində əldə olunan razılaşmaların detallarının (və bir çoxlarının düşündüyü kimi, mümkün fəsadlarının) təsiri artıq hiss olunmağa başlayıb:

 

“Bildiyimiz kimi, Səmərqənddə keçirilən Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin sonunda ortaq bəyannamə qəbul edilib.

Bu bəyannaməyə əsasən:

Görüş iştirakçıları BMT-yə üzv dövlətlərlə sülh, təhlükəsizlik, beynəlxalq hüquq, tanınmış sərhədlərə hörmət və demokratiya prinsipləri çərçivəsində əməkdaşlığa sadiq olduqlarını bildiriblər.

 

ATƏT-ə üzv ölkələrin beynəlxalq münasibətlərdə zor tətbiqindən çəkinməsi, humanitar hüquqa sadiqlik və mövcud münaqişələrin sülh yolu ilə həllinə önəm verilməsi də vurğulanıb. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün bütün regional və beynəlxalq platformalarda müdafiə olunacağı bəyan edilib.

 

Bəyannamədə bu iki bənd xüsusi rezonans doğurub. Xüsusilə bəyanatın türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınmaması ilə bağlı mövqe nümayiş etdirdiyi kimi şərh olunması ciddi müzakirələrə səbəb olub".

 

Politoloqun sözlərinə görə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bu sənədə imza atıblar:

 

“Ardınca Qazaxıstan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açmaq qərarı narahatlıqları daha da artırıb. Lakin məsələni yalnız bu prizmadan qiymətləndirmək düzgün olmazdı. Burada fərqli məqamlar və geosiyasi maraqlar ön plana çıxır.

 

Sammitdən sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşlər keçirdilər. Bu görüşlərin əsas gündəmini enerji, turizm, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq təşkil edib. Ursula von der Leyen tərəfdaşlıq üçün 12 milyard avroluq investisiya paketini elan edib. Lakin bu investisiyanın məqsədi ŞKTC-nin tanınmaması ilə bağlı təzyiq yaratmaq deyil, Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaqla bağlı strateji planlarıdır.

 

Son illər Aİ-nin Azərbaycanla əlaqələri də güclənir. Aİ Rusiyadan qaz asılılığını azaltmaq üçün alternativ marşrutlar axtarır. Azərbaycan bu tələbatı təkbaşına qarşılayacaq qədər resursa malik olmasa da, Mərkəzi Asiya qazının TANAP və TAP layihələri vasitəsilə Avropaya çatdırılması üçün Transxəzər Nəqliyyat Dəhlizini təklif edir.

 

Zirvə çərçivəsində liderlər Transxəzər Dəhlizinə daha çox investisiya cəlb etmək, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılması barədə razılığa gəliblər. Əgər bu layihə reallaşarsa, Qazaxıstan, Türkmənistan və Özbəkistan qazı əvvəlcə Azərbaycana, sonra Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılacaq.

Bu, yaxın zamanda reallaşacaq layihə deyil və icrası çətin ola bilər. Lakin bu, mümkünsüz də deyil".

 

Bəs Azərbaycan və Türkiyə niyə səssiz qalır?

 

Politoloqun fikrincə, səssizlik müşahidə olunsa da, diqqət çəkən iki mühüm görüş baş tutub:

 

"Antalya Diplomatik Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü;

 

İlham Əliyevin ŞKTC Prezidenti Ərsin Tatarla müzakirəsi.

 

 

Bu görüşlərdə Mərkəzi Asiya ölkələrinin cari və gələcək addımları ətraflı şəkildə müzakirə olunmuş və ortaq yol xəritəsi müəyyən edilmiş ola bilər.

 

Etiraf etməliyik ki, Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclənməlidir. Geosiyasi təsir gücünü artırmaq üçün təkcə mədəni yaxınlıq və ortaq tarix kifayət etmir. Eyni zamanda iqtisadi və enerji inteqrasiyası da vacibdir.

 

Məhz bu nöqtədə Ankara və Bakı koordinasiyalı şəkildə hərəkət edir:

Azərbaycan bu meqalayihənin Mərkəzi Asiya qolunu idarə edir,

Türkiyə isə Yaxın Şərq istiqamətində (İraq və Suriya daxil olmaqla) aktiv addımlar ataraq bölgədə təsir gücünü artırır".

 

Türkan Kərimli