Məhəmməd Əmin Rəsulzadə-Milli İstiqlalın Memarı

Bölmə: Siyasət › ,
Tarix: 08:00 31.01.2025

"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - bu sətirlər, azadlıq və istiqlal uğrunda mübarizənin alovlu çağırışıdır. Bu qürurlu sözləri söyləyən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və lideri, Məhəmməd Əmin Rəsulzadə idi. O, azadlıq və milli qürur simvolu olaraq, Azərbaycan tarixinin ən işıqlı səhifələrinə öz adını həkk etdi. Rəsulzadənin həyatı, zülm və əsarət altında inləyən bir xalqın ürəyində yanıb alovlanan azadlıq məşəlidir. 1918-ci ildə, Azərbaycanın ilk demokratik respublikasının təməlini qoymaqla, müsəlman Şərqində yeni bir dövrün başlanğıcına işıq saldı. Qısa müddətli olsa da, bu respublika, milli suverenlik, hüquq və ədalət prinsiplərinin bərqərar olması üçün bənzərsiz bir rol oynadı.

 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində Azərbaycanın gələcəyini dəyişdirəcək bir qəhrəman olaraq dünyaya gəldi. Onun bilinən ən köhnə əcdadı, bu kəndin sakini olan Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğlu idi. Rəsulzadənin ailəsi, dərin dini dəyərlərə sahib, atası isə hörmətli bir din xadimi idi.


Balaca Məhəmməd Əmin, həyatının başlanğıcından etibarən təhsil ilə tanış oldu. Onun atası, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin rəhbərliyi altında olan ikinci "Rus-müsəlman" məktəbinə yazdırdı. Bu məktəbin səliqəli dəhlizlərində və sinif otaqlarında, Rəsulzadə təhsil həyatının ilk addımlarını atdı və biliklərlə dolub-daşdı. Ancaq bu, yalnız başlanğıc idi. Məktəbi müvəffəqiyyətlə bitirən Məhəmməd Əmin, öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirdi. Burada aldığı təhsil, onun intellektual inkişafında mühüm rol oynadı. Lakin onun ruhu azadlıq və ədalət üçün çırpınırdı. Buna görə də, təhsilini yarımçıq qoyaraq, siyasi fəaliyyətə atıldı və bu yolda böyük uğurlar qazandı.


Rəsulzadə illərlə ailəsindən ayrı yaşamağa məcbur oldu. Həyat yoldaşı və həm də əmisi qızı olan Ümülbanu xanım Rəsulzadə 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. 1937-ci ildə “Böyük Təmizlik” zamanı SSRİ Xalq Daxili İşlər Komissarlığı Rəsulzadənin ailəsini sürgün edib. İstintaq zamanı Ümülbanu xanımın mübarizliyi erməni zabitlərini heyrətə gətirir:


“– Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?


– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.


– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə ?


– 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.


– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz ?


– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…”

 

Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasının yaranmasında da əsas rol oynayaraq, 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük təsir göstərib. O, “Müsavat” və bitərəflər fraksiyasının sədri olub. Rəsulzadə təkcə siyasətçi deyildi; o, eyni zamanda alim, yazıçı və jurnalist olaraq da tanınırdı. Onun qələmindən çıxan əsərlər, milli mənsubiyyətin, mədəni irsin və demokratik dəyərlərin təməlini qoydu. Onun həyatı və fəaliyyəti, yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün ilham mənbəyi oldu.

 

Rəsulzadə, 1951-ci il 26 avqust, 1952-ci il, 1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət edib. 3-cü müraciəti zamanı etdiyi çıxışa nəzər salaq:


“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar! “


Məhəmməd Əmin Rəsulzadənin bu cəsarətli və ilhamverici nitqi, bizə bir daha xatırladır ki, azadlıq və ədalət uğrunda mübarizə heç vaxt dayanmamalıdır və həmişə davam etməlidir. Bu nitq, Azərbaycan xalqının müstəqillik və suverənlik uğrunda verdiyi mübarizənin əbədiyyətə qədər yaşayacağını göstərir.


Budur sənə söyləyəcəyim son söz...
-Sənə bizlərdən minlərlə ehtiram!
-Sənə bizlərdən minlərlə minnətdarlıq!
-Sənə bizlərdən minlərlə hörmət və rəhmət...

 

Meşədiyeva Türkanə