Putinin açıqlaması-Ukrayna müharibəsi yaxınlaşan son?
Bölmə: Siyasət › ,Tarix: 19:05 23.01.2025
Putin bildirib ki, Ukraynada müharibənin əsas məqsədlərinə artıq nail olunub. Bu açıqlama, Rusiyanın sülh üçün masaya oturmaq istədiyinə dair siqnal kimi qiymətləndirilir. Amma sual yaranır: tərəflər həqiqətən bir masa arxasında razılığa gələ biləcəklərmi ?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya tərəfi Ukrayna savaşında masaya oturmaqda maraqlıdır:
“Sadəcə olaraq, mümkün qədər bu masaya “gücləndirilmiş mövqelə” oturmağa çalışır. Rusiyanın danışıqlar masasında şərtləri kifayət qədər ağırdır və bunun qəbul ediləcəyi ehtimalı çox aşağıdır. Rusiya tələb edir ki, hazırda Rusiyanın işğal etdiyi ərazilər, eləcə də konstusiya ilə ihlaq etdiyi və hələ də işğal etmədiyi dörd vilayət — Donetsk, Luqansk, Zaporojye və Xersonun bütün əraziləri Rusiyaya verilsin. Amma tam əminliklə söyləmək olar ki, bu qəbul olunmayacaq. Digər əsas tələb Ukraynanın NATO-ya üzvlüyü məsələsidir ki, Qərb hazırda buna hazır deyil”.
Politoloq bildirib ki, ABŞ sərt mövqedən çıxış edərsə, Rusiya mümkün qədər yumşaq mövqedən çıxış edə bilər:
“Zelenskinin sülh üçün əsas şərti Ukraynanın təhlükəsizliyi ilə bağlı ciddi təminatların verilməsidir. Eyni zamanda, Rusiya-Ukrayna sərhədinə sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi var. Avropa İttifaqı qüvvələrinin sərhədə yerləşdirilməsini Rusiyanın qəbul etməsi məsələsi var və bu ayrıca bir mövzudur.
Trampın Ukraynaya təminat verib-verməməsi gedişatdan asılıdır. Rusiyanın mövqeyindən asılı olaraq, ABŞ öz mövqeyində müəyyən korrektələr edə bilər. Hazırda bu istiqamətdə müxtəlif ehtimallar və spekulyasiyalar var. Bu barədə konkret nəsə demək çətindir. Amma görünən odur ki, ABŞ da müharibənin bitməsində maraqlıdır. Trampın həm seçki kampaniyasında verdiyi vədlər, həm də ABŞ-nin prioritet hədəfləri göstərir ki, Tramp bu hədəfləri həyata keçirmək üçün Rusiya-Ukrayna savaşının dayanmasına ehtiyac duyur.
Rusiya yaxşı bilir ki, Tramp qeyri-standart bir siyasətçidir. Onunla çox da “çək-çevirə girmək” və ya “dirənmək” Rusiya üçün faydalı olmaz. Baydendən fərqli olaraq, Tramp emosional və daha radikal qərarlar verə biləcək bir liderdir”.
Vüqar Alışov