ABŞ-nin vitse-prezidenti: “Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər”

Tarix: 21:07 29.04.2025
“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riski yaradır”,- bu sözləri ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna müharibəsində real vəziyyət ondan ibarətdir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynanı müəyyən güzəştlərə getməyə məcbur etməyə çalışır:
“Eyni zamanda, faydalı qazıntılarla bağlı ABŞ, öz maraqlarını əks etdirən sazişin imzalanması üçün Ukraynaya təzyiq göstərir. Digər bir məqam isə ondan ibarətdir ki, Avropa İttifaqı Ukraynanı Trampın irəli sürdüyü variantlarla razılaşmamağa, Rusiyaya güzəştə getməməyə vadar edir. Aİ-nin məqsədi, Rusiya ilə Ukrayna arasında ABŞ vasitəsilə davam edən razılaşma prosesini pozmaqdır. Çünki Avropa İttifaqı anlayır ki, Ukrayna ilə bağlı atəşkəs razılığı əldə olunduqdan sonra ABŞ, Avropa İttifaqına qarşı təzyiq mexanizmlərini işə sala bilər.
Əsas məqsəd isə qlobal imperializmin ABŞ daxilində formalaşmış qanadının sıradan çıxarılması ilə bağlıdır. Bunun üçün Tramp Rusiya və digər dövlətlərin dəstəyinə ehtiyac duyur. Hesab edirəm ki, Vensin açıqlamasının əsas mahiyyəti Ukraynaya təzyiq xarakteri daşıyır. Çünki hazırda vəziyyət elə deyil ki, nüvə eskalasiyası yaxın perspektivdə real risk yaratsın. Bu səbəbdən də həmin açıqlamanın arxasında nüvə təhlükəsi deyil, ABŞ-nin maraqlarını əks etdirən perspektiv imkanlarının Aİ-nin əngəllənməsinin qarşısını almaq məqsədi dayanır. Təbii ki, əgər nüvə eskalasiyası baş verərsə, bu, bütün dünyada qarşısıalınmaz bir prosesin başlanmasına və böyük fəlakətlərə səbəb ola bilər”.
Çimnaz Telmanqızı