“ABŞ ilə İran arasında gərginlik artır”-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:29 06.05.2025

Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftəsonu - mayın 10-11-də baş tuta bilər.

 


Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlərdə baş verən proseslərdən aydın olur ki, ABŞ ilə İran arasında gərginlik artır:

 

 

“Amerikanın İranın nüvə proqramı ilə narahatlığı bu danışıqlar fonunda daha da aqresivləşir. Artıq danışıqların dördüncü raundu yaxınlaşır. Danışıqlar prosesində İranın müəyyən maraqları təmin olunmaqla, ABŞ-nin əsas tələbi nüvə proqramının dayandırılması ilə bağlıdır. İran da ciddi cəhdlə nüvə silahı əldə etməklə bağlı fikri olmadığını bildirir. Buna baxmayaraq ABŞ öz fikirlərində israrlıdır. Böyük ehtimalla ABŞ və İran gərginliyi növbəti dövrlərdə də davam edəcək. Bu danışıqların müsbət nəticə verəcəyi ehtimal olunmur. Əgər razılaşma baş tutmasa, ABŞ və onun müttəfiqi İsrail İrana qarşı ciddi həmlələr göstərəcək. Xüsusilə də Tramp administrasiyası İrana qarşı olduqca aqressiv mövqe tutur. Müharibə və hərbi əməliyyatlar ritorikası yenə də gündəmdədir. İsrail İrana qarşı hərbi əməliyyatlar və yaxud da hərbi zərbələr endirməklə bağlı artıq bir çox açıqlamalar verir. İsrailin əsas müdafiəçisi kimi ABŞ da öz sərt mövqeyini bildirir. ABŞ İsrailə bu istiqamətdə dəstək verir. Razılaşma əldə olunmadığı tədqirdə tərəflər arsında hərbi qarşıdurma qaçılmaz olacaq. Bu halda bizim bölgəmizdə faciələr, təhdidlər ola bilər. Xüsusilə də İranın ABŞ-yə qarşı aqressiv mövqeyi sonda ciddi faciələrə gətirib çıxaracaq”.

 

 


Əminə Əliyeva